AZ

UNEC-də keçirilən CASI Davamlı Maliyyə Forumu başa çatıb

Noyabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təşkil olunan CASI Davamlı Maliyyə Forumu uğurla başa çatıb.

SİA xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

CASI, UNEC və Azərbaycan COP29-un davamlılıq üzrə yüksəksəviyyəli çempionu tərəfindən təşkil olunmuş forumda dövlət qurumları, maliyyə institutları və özəl sektordan 200-ə yaxın iştirakçı bir araya gəlib. Forumun əsas məruzəçiləri arasında CASI və Maliyyə və Davamlı İnkişaf İnstitutunun (IFS) sədri Ma Jun, UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Hüseyn Həsənov, BMT-nin Ətraf Mühit Proqramının sabiq icraçı direktoru Erik Solheim, Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə və BMT-nin Məsul İnvestisiya Prinsipləri Təşkilatının (UNPRI) icraçı direktoru David Atkin yer alıb.

COP29 kontekstində təşkil edilən forumda məruzəçilər davamlı maliyyə, karbon qiymətləndirməsi və yaşıl maliyyələşmə strategiyaları üzrə təcrübə və perspektivlərini auditoriya ilə bölüşüblər. Həmçinin inkişaf etməkdə olan ölkələrin davamlı inkişafa keçidini dəstəkləyəcək yaşıl maliyyələşdirmə mexanizmlərinə xüsusi diqqət ayırıblar. Forumda bildirilib ki, neft və qaz ixracatçısı kimi tanınan Azərbaycanda iqlim dəyişikliyinin yaratdığı risklər fonunda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Ölkə 2035-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz, 2050-ci ilə qədər isə 70 faiz azaltmağı qarşısına məqsəd qoyub. Bu məqsədə nail olmaq üçün Azərbaycan Mərkəzi Bankı 2022-2025-ci illəri əhatə edən Davamlı Maliyyə Fəaliyyət Planını həyata keçirir.

Forum çərçivəsində davamlı inkişaf üzrə qlobal çağırışlar, yerli və regional səviyyədəki imkanlar barədə geniş müzakirələr aparılıb.

Seçilən
12
8
sia.az

9Mənbələr