AZ

Qərbin marağı, Ermənistan polisinə qarşı yeni tələb - Paşinyanın tənqidi nəyə hesablanıb?

"Ermənistanda güc strukturlarının formalaşması, müəyyən islahatların aparılması prosesi gedir. Bunu da maliyyələşdirən Qərb dünyasıdır. Qərbin tələb etdiyi konkret standartlar var və bu standartlara uyğun gəlməsi üçün hüquq-mühafizə orqanları qarşısında müəyyən tələblər qoyulur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənsitan baş naziri Nikol Paşinyanın hökumətin son iclasında hüquq-mühafizə orqanlarının fəaliyyətini tənqid etməsinə münasibət bildirərkən deyib.

"Ermənistanda əhalinin də hüquq-mühafizə orqanlarından müəyyən narazılığı var. Paşinyan əyalətlərə səfərində əhalinin müəyyən şikayətlərilə üzləşib. Belə vəziyyət isə hökumətin nüfuzuna ciddi zərbə vurur. Ona görə də ictimai rəydə hökumətin güclü olmasını istəyən Paşinyan hüquq-mühafizə orqanlarındakı özbaşınalıqlara göz yummayacağını bəyan edir", deyə Natiq Miri bildirib.
 


Həmsöhbətimiz düşünür ki, Paşinyanın bu cür açıqlaması müəyyən konkret qayəyə, istəklərə xidmət edir:

"Belə olan halda ola bilsin bir müddətdən sonra Paşinyanın xəbərdarlığını ciddi qəbul etməyən güc strukturları rəhbərləri vəzifədən çıxarılaraq, yenilərilə əvəzlənsin. Yəni bütün ehtiyacları hökumətin ödəməsi kontekstində, onun hüquq-mühafizə orqanlarından aldığı adekvat deyil. Zaman-zaman bu hal Qərbin insan hüquqları ilə məşğul olan QHT-lərin hesabatlarında da yer alır. Bu isə Ermənsitanın nüfuzuna ciddi zərbə vurur. Ona görə də həm yerli əhali, həm də Qərb tərəfindən ikitərəfli basqı var. Paşinyanın açıqlamasını böyük maliyyə ayıran Qərbin tələbləri konteksində dəyərləndirmək lazımdır".

Ekspertə görə, belə vəziyyət dolayısı ilə həm də hüquq mühafizə orqanlarının hakimiyyət qarşısında hesabatlılığını artıracaq:

"Qəbul olunan qərara əsasən, artıq hüquq-mühafizə orqanları parlamentdə hesabat verməli olacaq. Bu isə artıq nəzarət deməkdir. Bu da təbii ki, hakimiyyət qollarının güc orqanları üzərində müəyyən məsuliyyətini ortaya qoyur. Onu da unutmayaq ki, Ermənistan polisinin yüksək rütbəli onlarla əməkdaşı narkomaniyaya görə vəzifədən uzaqlaşdırılıb. Yəni bu ölkə polisində narkotika ilə məşğul olanlar da çoxdur. Bu isə hökumət adına heç də xoş davranış deyil".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan hökumətin 15 noyabr iclasında Polis islahatları strategiyasının müzakirəsi zamanı güc strukturlarının fəaliyyətini tənqid edib. 

Rüfət Sultan

Seçilən
13
50
qaynarinfo.az

10Mənbələr