AZ

Gürcüstan MSK-sında dava düşdü - Sədrin üstünə boya tökdülər - FOTO

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkilərinin yekunlarına həsr olunmuş bugünkü iclasında qalmaqal baş verib.

Modern.az xəbər verir ki, komissiyanın müxalifətçi üzvü, Milli Hərəkat Partiyasının nümayəndəsi David Kirtadze Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin üzərinə qara boya atıb.

“Siz gürcü xalqını, etiraz edən tələbələri eşitmirsiniz. Siz Gürcüstanın gələcəyini, bizim gələcəyimizi əlimizdən aldınız, ölkəmizi Rusiyaya tərəf sıxışdırırsınız. Mən sizə sədr də deyə bilmərəm, siz “qara ləkə”siniz”, - deyən Kirtadze bir stəkan tünd rəngli maye ilə Kalandarişviliyə yaxınlaşıb və onun üstünə atıb.

Hadisə yerində dava düşüb, təhlükəsizlik işçiləri və məhkəmə icraçıları komissiya üzvlərini ayırmağa məcbur olublar.

İclas yarımçıq dayandırılıb. İclas otağı və Kalandarişvilinin kreslosu boyadan təmizlənib.

Hakimiyyətin əleyhdarları hesab edirlər ki, seçkilər zamanı səsvermənin gizliliyi pozulub - bülletenlərin arxa tərəfində marker işarələri olub. Onlar təkid edirlər ki, bu səbəbdən elektron seçki qutuları quraşdırılan məntəqələrin 90 faizində seçkinin nəticələri ləğv edilməlidir.
Yerli qeyri-hökumət təşkilatlarının və müxalifətin müvafiq tələbləri Gürcüstan məhkəmələri tərəfindən təmin edilməyib.

Hazırda MSK-nın ofisinin yaxınlığında etiraz aksiyası keçirilir. Orada seçkilərin saxtalaşdırıldığını hesab edən bir neçə yüz adam toplaşıb. Etirazçılar arasında həm müxalifət siyasətçiləri, həm də sadə vətəndaşlar var.

Hadisə yerinə çoxlu sayda polis səfərbər edilib.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib.

MSK noyabrın 16-da keçirdiyi iclasda 26 oktyabr tarixli parlament seçkilərinə yekun vurub.

Seçkilərin nəticələrinə əsasən, parlamemtdəki 150 yer aşağıdakı kimi bölüşdürülüb:
 

“Gürcü Arzusu” – 89 yer;

"Dəyişiklik Koalisiyası" – 19 yer;

“Birlik – milli hərəkat” – 16 yer;

“Güclü Gürcüstan” – 14 yer;

“Gürcüstan üçün” – 12 yer.

Seçilən
32
modern.az

1Mənbələr