AZ

Azərbaycanın COP29-a sədrliyi iqlim maliyyələşdirilməsi sahəsində ədalətli nəticə üçün imkanlar açacaq - Samir Becanov

Azərbaycanın COP29-a sədrliyi iqlim maliyyələşdirilməsi sahəsində ədalətli və iddialı nəticəyə nail olmaq üçün imkanlar açacaq.

Olaylar xəbər verir ki, bunu COP29-un Baş danışıqçısının müavini Samir Becanov COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"Biz bu il ədalətli və iddialı nəticəyə nail olmaq üçün köməkçi orqanların sədr heyəti və bütün tərəflərlə fəal əməkdaşlıq edəcəyik. Bütün iştirakçıları iqlim maliyyələşdirilməsi kimi əsas məsələ üzrə danışıqlara diqqət yetirməyə çağırırıq", - deyə Samir Becanov vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
49
olaylar.az

10Mənbələr