Yubiley sərgisi
Müasir dövrümüzdə milli rəngkarlığımızın inkişafına böyük töhfələr bəxş etmiş sənətkarlardan biri də Azərbaycan Respublikasının Əməkdar rəssamı, mərhum Rafael Abasovdur
Rafael Abasov doğulduğu Bakı şəhərində əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, daha sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rəssamlıq təhsili alıb. Əbdülxalıq Rzaquliyev, Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev, Tahir Salahov kimi görkəmli rəssamlardan bu sənətin sirlərini öyrənib. Öz yaradıcılığında “sərt üslub”a üstünlük verən rəssam bu janrda özünəməxsus əsərlər ərsəyə gətirməyə nail olub.
Daha çox lirik-romantik əsərlərin müəllifi olan Rafael Abasov kompozisiya bütövlüyü ilə seçilən portret, natürmort, mənzərə janrında müxtəlif süjetli tabloların müəllifidir. Onun zəngin yaradıcılığında bu il anadan olmasının 100 illiyi qeyd olunan əbədiyaşar ümumilli liderimiz Heydər Əliyevə həsr olunmuş əsərlər geniş yer tutur. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu öndərin obrazına Rafael Abasov qədər müraciət edən rəngkar olmayıb. Buna misal olaraq unudulmaz fırça ustasının müxtəlif illərdə ərsəyə gətirdiyi “Düşüncәlәr”, “Qayğılı anlar” vә“İstirahәt zamanı” portret əsərlərinin adını çəkmək olar. Rəssamın “Duşuncәlәr” əsəri yaratdığı portretlər sırasında öz koloriti və həyatiliyi ilə seçilir. Əsərdə uğurlu kompozisiya həlli öz əksini tapıb. O, Heydər Əliyevi rəsmi obrazda, dəbdəbəli formada deyil, ev şəraitində təsvir edib. Geyimin vәduruşun sadәliyi obrazın sәmimiliyini şәrtlәndirir. Bütün bu mәziyyәtlәrin son nәticәsi kimi portret sujetli tablo kimi qәbul edilir.
Bütövlükdə, Əməkdar rəssam Rafael Abasovun Heydər Əliyev ünvanlı rəngkarlıq əsərləri görkəmli dövlət xadiminin ömür yolunun müxtəlif dövrlərini əhatə etdiyinə görə, bu əsərlərin hər biri haqlı olaraq tarixilik qazanmış hesab olunur. Rafael Abasovun əsərləri yerli və xarici ölkələrin müxtəlif muzeylərini, ABŞ, Fransa, Meksika, Türkiyə, Yaponiya, Avstriya, Almaniya kimi ölkələrdə şəxsi kolleksiyaları bəzəyir.
2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ona “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adı verilib. Rəssam 3 dekabr 2020-ci il tarixində vəfat edib. Azərbaycan Rəssamlar İttifaqı və Bakı Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə Rafael Abasovun 80 illiyinə həsr olunmuş xatirə gecəsində görkəmli sənətkar ehtiramla anılıb.
Ziyarət CABAROVA-QƏHRƏMANOVA, sənətşünas
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta