Rəsmi Bakının təkliflər paketinə İrəvanın cavabı, hələlik, qeyri-müəyyəndir
Anlayış göstərmək problemin həllinə doğru aparan ilkin amildir. Əgər tərəflər bunun ardınca qarşılıqlı etimad mühitini yaradacaq xoşməramlı addımlar atsalar, deməli, anlaşılmazlığın tam aradan qalxmasına lap az qalacaq.
Ermənistan və Azərbaycan arasında sülhə nailolma prosesinin indiki həlledici mərhələsində müsbət sonluğun əldə olunması üçün İrəvanın siyasi iradə göstərməsinə ehtiyac duyulur. Bunu Nikol Paşinyanın kabineti də yaxşı anlayır. Elə son günlər rəsmi İrəvan təmsilçilərinin bir-birinin ardınca sülh sazişinin imzalanması ilə bağlı nikbin açıqlamalar verməsi bu siyasi iradənin nümayişi kimi qəbul edilə bilər.
* * *
Ermənistan baş naziri Nikol Paşinyan, parlament sədri Alen Simonyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan son günlər çıxış və müsahibələrində sülh sazişinin aktuallığından bəhs edirlər. Azərbaycan Prezidenti İlham Əliyevlə N.Paşinyan arasında Sankt-Peterburqda MDB Sammiti çərçivəsində ayaqüstü söhbətdə də elə bu məsələ müzakirə olunub. A.Simonyan rəsmi Bakının bu istiqamətdə atdığı addımları alqışlayıb. O vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verən addımlar atır, İrəvanla Bakı arasında razılaşma mümkündür. Erməni spikerin sözlərinə görə, sülh heç vaxt bu qədər yaxın olmayıb. Simonyan bir az da irəli gedərək ermənilərin yaşamaq üçün Azərbaycana, azərbaycanlıların isə Ermənistana gedəcəklərini istisna etmədiyini, bu iki xalqın öz aralarında ticarət edəcəyinə inandığını dilə gətirib. Düzdür, bu zaman o, belə bir perspektivin nə qədər yaxın olduğunu dəqiqləşdirməkdə çətinlik çəksə də, fəqət, arzu və niyyətinin saf olduğuna inanmaq istərdik.
Yeri gəlmişkən, baş nazirin özü də yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasının real göründüyünü dekabrın əvvəlində dənizə çıxışı olmayan ölkələrin nazirlər iclasının açılış mərasimində bəyan etmişdi.
Bu zaman Ermənistan lideri sülhə nail olmaq üçün üç əsas prinsiрi irəli sürmüşdü. Bunlar – ölkələrin suverenliyi saxlanılmaq prinsipi ilə regional nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün (müvafiq surətdə 29.800 və 86.600 kvadrat kilometr) rəsmən tanınması və SSRİ-nin sonuncu xəritələri əsasında sərhədlərin delimitasiyasıdır.
“Sülh prosesi barədə danışarkən, mühit çox önəmlidir. Ona görə də hər hansı müsbət irəliləyiş ümumi prosesə yaxşı mənada təsir edə bilər”. Bu sözləri Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, bu mənada dekabr ayında baş vermiş inkişaf ciddi etimad quruculuğu tədbiri hesab edilə bilər: “Bunun önəmi ondan ibarətdir ki, proses iki ölkə arasında vasitəçi olmadan baş verdi. Noyabrda delimitasiya üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edilməsi də müsbət inkişaf kimi qiymətləndirilməlidir”. Əslində, C.Bayramovun bu açıqlamasını rəsmi İrəvanın son təşəbbüslərinə bir növ cavab kimi də dəyərləndirmək olar. Nazir bununla rəsmi İrəvanı bütün şərtlərin hazırlandığı sülh prosesini bir daha ləngitməməyə, Bakının təkliflərinə konkret addımlarla cavab verməyə çağırıb.
* * *
Vasitəçilərin iştirakı olmadan Bakı və İrəvan arasında birbaşa görüşlərin keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü sülh danışıqlarının formatıdır. Qarşı tərəfin buna müsbət cavab verməsi isə hələ də vasitəçilik iddiasında olanlara tərəflərin birgə cavabı kimi qəbul oluna bilər. Bu kontekstdən yanaşanda Azərbaycanla Ermənistan arasında hərbçilərin dəyişdirilməsinə dair razılaşma üzrə birgə açıqlamanı rəsmi Bakının məhz vasitəçisiz, birbaşa dialoqa doğru atılmış ilk addımı sayılmalıdır.
Azərbaycanın 2022-ci ilin martında iki dövlət arasında normal münasibətlərin bərpası üçün baza prinsiplərinə dair təklifi Ermənistana təqdim edilib. Bakının ortaya qoyduğu təkliflər paketində aşağıdakı beş baza prinsipi öz əksini tapıb:
- Dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Bu zaman qeyd etmək lazımdır ki, tərəflər məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və ikitərfli sülh danışıqları prosesinə köklənib. Amma bu prosesə üçüncü tərəfin – vasitəçinin xoşməramlı təşəbbüsünə, sülhün əldə olunmasına müsbət töhfə vermək istəyinə də normal yanaşılacaq. Sadəcə olaraq, həmin vasitəçi tam neytral, gündəliyi isə pozitiv olmalıdır. Son üç ildə bu xarakterli təşəbbüsləri Moskva, Brüssel və Vaşinqton irəli sürüblər. Onların təklif etdikləri platformalarda aparılan danışıqlar prosesi daha çox Ermənistan tərəfinin ikiüzlülüyü, yalanları və bəzi vasitəçilərin onlara “züy tutması” ilə yadda qalıb.
* * *
Bakı daha yalanlara inanmadığı kimi, İrəvanın da sülhlə diplomatik imitasiya limiti tükənib. Bu məqamda erməni yazıçı, ekspert Karen Xurşudyanın Ermənistan hakimiyyətinin sülh sazişinə münasibəti ilə bağlı fikirləri maraq doğurur: “Heç bir avropalı Ermənistanın sərhədlərini qorumağa gəlməyəcək. İqtisadi sanksiyalardan başqa Avropanın Azərbaycana təsir rıçaqları yoxdur. Yəni Bakı İrəvana qarşı təmkinli olmağa məcbur deyil. Ermənistan xarici siyasi əlaqələrini genişləndirməli, ordusunu gücləndirməlidir. Sülh ancaq bu vəziyyətdə imzalana bilər. Əks halda başqa qüvvələr İrəvandan öz məqsədləri üçün istifadə etməyə davam edəcəklər”.
Düzdür, erməni ekspert sülhün yalnız güclü Ermənistan üçün sərfəli olcağına işarə vursa da, bu zaman danışıqlar prosesində Azərbaycanın üstün tərəf olduğunu dolayısı ilə etiraf edir.
Hamıya məlumdur ki, iki ölkə arasında sülh müqaviləsinin mətni ilə bağlı ilk təklif paketini Bakı irəli sürüb. Azərbaycan XİN başçısı Ceyhun Bayramov məsələnin incəliyini dəqiq qeyd edib: “Bu məsələnin tarixi var. Burada olduqca çox istiqamət var. Biz hər detalı razılaşdırmağa çalışsaq, bu, çox uzun proses olar. İstəyirik ki, bunun əvəzinə, ciddi fikir ayrılığı yaratmayan, hər iki tərəfin beynəlxalq universal və qarşılıqlılıq prinsipləri əsasında münasibətlərin bazasını formalaşdıran sənəd ortaya qoyulsun, imzalansın. Sülh müqaviləsinə gedən yol açıqdır, bunu əldə etmək çox real görünür”.
Əlbəttə, ümumilikdə sülh prosesinə realist mövqedən yanaşmaq lazımdır. Otuz illik tarixə malik münaqişənin bütün aspektləri üzrə birdən-birə tam razılığa gəlinməsi mümkün deyil. Hazırda söhbət əsas istiqamətlərdən, yəni Bakının təklif etdiyi baza prinsiplərindən gedir. Həmin prinsiplərə söykənəcək sülh sazişinin özü də bütün problemlərin həlli demək olmayacaq. Sülh müqaviləsi bir çox məsələlər üzrə ondan sonrakı müzakirələrə zəmin hazırlayacaq. Son nəticə isə iki ölkə arasında normal qonşuluq, əməkdaşlıq, iqtisadi-ticari münasibətlərin bərpası olmalıdır. Bakının irəli sürdüyü vasitəçilərsiz, ikitərəfli dialoq kimi, bunun da alternativi yoxdur. Deyəsən, İrəvan da bunu yavaş-yavaş anlamağa və qəbul etməyə başlayıb.
Qafar ÇAXMAQLI, Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim
Sankt-Peterburqdakı sammitdə Nikol Paşinyanın çıxışı göstərdi ki, Ermənistan bəzi siyasi situasiyalarda nə edəcəyini bilməyən “təcrübə meydanı”na çevrilib. İndi İrəvan nicatını Qərbdə axtarmaq yolunu seçən, amma dərhal da ondan geri addım atan zavallıya dönmüş durumdadar. Paşinyan deyir ki, üzvü olduğu və hamıdan əvvəl yerini almağa tələsdiyi Avrasiya İqtisadi İttifaqının siyasiləşməsini istəmir. Haqlı olaraq ortaya sual çıxır ki, Avropa İttifaqı da iqtisadi birlikdir, bəs nə üçün bu qurumun Cənubi Qafqazda siyasi və energetik proseslərə müdaxiləsinə etiraz etmir? Yaxud Azərbaycana qarşı Aİ-nin son zamanlarda atdığı addımlara adekvat yanaşmır? Paşinyan bunu deməklə, guya, sözügedən təşkilata yeni nizam gətirmək istəyir. Həm də 2024-cü ildə sədrlik edəcəyi bu təşkilatı Rusiyanın öhdəsinə buraxır. Bəli, sədrlik Ermənistanda olacaq, amma bütün tədbirlər Moskvada keçiriləcək. Bu, o deməkdir ki, Ermənistan bir dövlət kimi ciddiliyini itirib. Vektor dəyişikliyi kimi apardığı siyasəti iflasa uğrayıb. Əslində, rəsmi İrəvanın Azərbaycanla sülhə nail olmaq istəyi bölgədə təhlükəsizliyin səmimi şəkildə bərqərar olmasına hesablanmayıb. Daha çox ayrı-ayrı supergüclərin qarşıdurmasına yönəlib. Sülh sazişi ilə bağlı Azərbaycan təkliflərini çoxdan verib, müzakirə ediləcək bir şey olmadığı da ermənilərin özləri tərəfindən dəfələrlə etiraf edilib. Müqavilənin imzalanması üçün bəzi məsələlərin razılaşdırılması ikitərəfli görüşlər zamanı əldə edilə bilər.
İmran BƏDİRXANLIXQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta