AZ

Tibb sahəsində bir ilk - 62 yaşlı kişiyə donuz böyrəyi köçürüldü

Valyuta.az BBC-yə istinadən xəbər verir ki, ABŞ-da 62 yaşlı kişiyə geni dəyişdirilmiş donuzdan böyrək köçürülüb. 

Onun əməliyyatdan sonra sağaldığı və tezliklə xəstəxanadan çıxa biləcəyi bildirilir.

Cərrahlar belə innovativ əməliyyata razılıq verən Rick Slaymanı əsl qəhrəman adlandırırlar.

İndiyədək insanlara donuz böyrəyinin transplantasiyası ilə bağlı yalnız sınaq halları olub: məsələn, 2022-ci ildə beyin ölümü olan xəstəyə donuz böyrəyi köçürülüb.

Slayman martın 16-da Bostondakı Massachusetts Ümumi Xəstəxanasında 4 saat davam edən cərrahi əməliyyat keçirib.

Xəstəxandan bildirilib ki, bu cərrahi əməliyyat “xəstələr üçün daha asan əldə edilə bilən orqanların axtarışında mühüm mərhələ” olub.

Ehtiyacı olan hər kəs üçün kifayət qədər insan donor orqanları yoxdur, buna görə xəstələr çox vaxt transplantasiya fürsəti üçün uzun müddət gözləyirlər.

Rick Slayman uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkib. 

2018-ci ildə o, eyni xəstəxanada insan donor böyrəyini qəbul edib və bundan əvvəl o, 7 il hemodializdə olub. Beş il sonra, 2023-cü ilin mayında onun bədəni donor böyrəyini qəbul etməyib və kişi dializə qayıtmalı oldu.

Uzun müddət dializdə olduğundan onun qan damarları tab gətirməyib. 

“Hər iki həftədən bir xəstə qan laxtalarını aradan qaldırmaq üçün xəstəxanaya getməli və əməliyyat keçirməli idi ki, bu da onun həyat keyfiyyətini xeyli pisləşdirdi”, - xəstəxanadan bildirilib.

Alimlər ümid edirlər ki, heyvanlardan, ilk növbədə donuzlardan geni dəyişdirilmiş orqanların insanlara köçürülməsi donor orqanların çatışmazlığını aradan qaldıracaq. Böyrəklərlə yanaşı, artıq donuz ürəyinin köçürülməsi təcrübəsi var.

Massachusetts ştatının Cambridge şəhərindəki eGenesys şirkəti tərəfindən transplantasiya üçün donuz böyrəyindən insana zərər verə biləcək genlər çıxarılıb və uyğunluğu yaxşılaşdırmaq üçün bəzi insan genləri əlavə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
265
28
valyuta.az

10Mənbələr