Çingiz Əlioğlu – 80
Tanınmış şair Çingiz Əlioğlu 1944-cü ildə Bakıda dünyaya gəlib. Atası Şuşanın Malıbəyli kəndindən, anası isə Füzulidəndir. Orta məktəbi Füzulidə oxuyub, sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (İndiki Dövlət Neft və Sənaye Universitetini) bitirib. Amma oradan mühəndislik diplomu alan Vaqif İbrahim, Cəmşid Əmirov, Rüstəm İbrahimbəyov, Bağır Seyidzadə, Cəmil Fərəcov, Salatın Əsgərova və digərləri kimi öz ixtisası üzrə çalışmayıb, Müşfiqin təbirincə desək, “ruh və qəlb münəndisi” olmağa üstünlük verib. Elə ilk əmək fəaliyyətinə də “Gənclik” nəşriyyatında başlayıb.
Çingiz Əlioğlunun “Nikbinlik” adlı ilk kitabı 1969-cu ildə çıxıb və poeziyaya istedadlı bir şairin gəlməsindən soraq verib. Sonralar onun “Vağzallar... Yollar...”, “Soraqlar sevgi məni”, “Ömür ağacı”, “Alnından ay doğan adam”, “Günəşli dayanacaqlar”, “Görüşdən ayrılığa”, “Tanrını tanı” və sair kitabları işıq üzü görüb və oxucu zövqlərini oxşayıb.
Bir ömür yaşaram - narahat, çətin,
Arxamca daş atan olsa da, nə qəm.
Nəsillər rahatca keçsinlər deyə,
Atılan daşlardan bir yol döşərəm!
– Bu misraları onun həyat leytmotivi də saymaq olar. Əsərləri keçmiş SSRİ və bir çox Avropa xalqlarının dillərinə tərcümə olunub. Beynəlxalq poeziya festivallarında, konfranslarda uğurla iştirak edib. “Çərçivə” adlı kitabı Rusiyada 35 min dollar mükafata layiq görülüb və həmin məbləğin hamısını kitabını 10 gün ərzində çap etmiş nəşriyyata bağışlayıb. Çingiz müəllim bədii tərcümə ilə də ciddi məşğul olub. Son tərcümə etdiyi kitab 2 cildlik dünya ədəbiyyatı ilə bağlı müntəxəbat olub.
Sumqayıt ədəbi birliyinin üzvü olmuş metallurq-şair Rəşid İsgəndərov (Qazaxlı) danışırdı ki, respublika komsomolu Mərkəzi Komitəsində gənc yazıçıların 6-cı Ümumittifaq müşavirəsinə nümayəndələr seçiləndə onun poladəridən olduğu nəzərə alınaraq, Vaqif İbrahim və Çingiz Əlioğlu ilə bərabər Moskvaya göndərilməsi qərara alınıb. Ona qədər eyni şəhərdə yaşadığı Vaqif İbrahimi yaxşı tanısa da, Çingiz müəllimlə aralarında məhz həmin səfər zamanı səmimi ünsiyyət yaranıb. Bir neçə gün ərzində onun yüksək insani keyfiyyətlərinə, şair kimi fərqli cəhətlərinə yaxından bələd olub və yaradıcılıq uğurlarını həvəslə izləməyə başlayıb.
Çingiz Əlioğlu uzun müddət Mədəniyyət Nazirliyində məsul vəzifələrdə çalışıb, Azərbaycan Yazıçılar Birliyində poeziya bölməsinə rəhbərlik edib. Həmişə yazılarını maraqla oxuduğum filologiya elmləri doktoru, professor Rüstəm Kamal onu Azərbaycan avanqard şeirinin görkəmli nümayəndəsi sayır. Çingiz Əlioğlu haqqında qələmə aldığı “Dilin magik təcrübəsi” məqaləsində yazır: “Heç kimə sirr deyil ki, Çingiz Əlioğlunun dili səs simvolizmi deyilən fenomen ilə sıx bağlıdır. Bu poeziyanın özəlliyi mətnlərin akustik xarakterindən gəlir. Səs simvolizmi ayrı-ayrı səslərin, səs birləşmələrinin mistik mənalandırılması deməkdir. O, dildən gələn və təbiətdə eşitdiyini içinə yığıb oxuyur... Şeirlərinin adında da səsin magiyasından yararlanır. Məsələn: “Qarğa və qırğı”, “Azman ozan”, “Ramana romanı” və s… Onun sözü oxuması münəccimin ulduzları oxuması kimidir:
“Ayaq”ı tərsinə oxudum
Gördüm “qaya”dır.
Elədir, düşündüm,
ömrüm boyu
hara ayaq qoydum
önümü qaya kəsdi.
Təkrir Ç.Əlioğlu poetikasının mühim hissəsini təşkil edir. Belə demək mümkünsə, səs, söz təkrirləri onun qrammatikasını əsaslandırır. Təkrir onun çox inandığı və güvəndiyi, şeirin fəlsəfəsini şərtləndirən poetik fiqurdur… Onun şeirlərində epitetlərin sıralanmasına baxın. Epitet sadəcə üslub vasitəsi deyil, poetik hadisəyə çevrilir. Sözlərin gözlənilməz konbinasiyası, bir-birinə assosiativ keçidi obrazları görümlü edir. Ç.Əlioğlu o şairlərdəndir ki, epitet birbaşa metaforik effektə işləyir: “Çəlpəşik ömrümün ipini çözdüm”.
Çingiz Əlioğlu dünya poeziyasını mükəmməl bilsə də, nəfəsi, ruhu həmişə milli, qədim poeziyamızın köklərinə bağlıdır. Son illərdə bir qədər nasaz olduğu üçün separatçılardan təmizlənmiş Qarabağa hələ gedə bilməyib. “Sözün düzü, yenə oraları görmək istəyirəm. Amma hazırda ayaqlarım imkan vermir. Yeriyə bilmirəm. Düşünürəm ki, oraları görmək arzumu reallaşdıra biləcəyəm” – deyir.
O, həm poeziyada, həm də həyatda təəccüb yarada bilən insandır. Bu baxımdan bilməyənlər üçün deyək ki, Çingiz Əlioğlu Arif Babayevin “Gün keçdi”, Vaqif Mustafayevin “Yaramaz” bədii filmlərində də rollara çəkilib. Amma məmur, tərcüməçi, şair, aktyor təyinləri olsa da, o, özünü, təbii ki, şair kimi daha rahat hiss edir.
Şeirlərindən birində şair dünyaya üz tutur:
Yolların yüyrəkdi sənin,
Yerişin küləkdi sənin.
Olanım – ürəkdi mənim,
Dünya, mənnən yarış görüm.
Düz 80 ildir ki, “Mənim bu həyatla öz hesabım var”, – deyən Çingiz Əlioğlunun dünya ilə yarışı davam edir. Çox istərdik ki, bu yarış daha da uzunömürlü olsun.
Əli NƏCƏFXANLI
XQ