“İki sahil” qəzeti – 33
İlkin sayları müstəqil dövlətçiliyimizi öz daxilində əritməyə çalışmış sovet imperiyasının süqutunun həlledici mərhələyə daxil olduğu günlərdə işıq üzü görmüş “İki sahil” qəzeti yaxınlaşan suverenlik epoxasının mətbu qaranquşlarından biri olub. Öz adında ikiyə bölünmüş Bütöv Azərbaycanın tarixi taleyini ifadə edən ictimai-siyasi nəşr bugünədək 1 qərinəlik şərəfli yol keçib.
“İki sahil”, haqlı olaraq, müstəqil ölkəmizin azad, demokratik media qurumlarından biri kimi, dünənin həqiqətləri ilə gələcəyin hədəflərinin “zaman sahilləri” arasında 33 ilin “bugünlər”inin doğru-düzgün və əhatəli salnaməsini yaratmaqda peşəkarlıq və yurd sevgisi sərgiləyən mötəbər nəşr sayılır. Qəzetin baş redaktoru, tanınmış media xadimi, professor Vüqar Rəhimzadə ilə söhbətdə əsrin üçdə biri qədər yol keçmiş qəzetin yüz ilə bərabər fəaliyyətinə nəzər saldıq.
– Vüqar müəllim, ötən 33 ilin gur axarında zaman “İki sahil”i hansı sahildən hansı limana gətirib?
– “İki sahil” zaman baxımından xalqımızın ərazi bütövlüyümüz uğrunda barışmaz mübarizəsinin müstəqillik uğrunda ümummilli savaşa çevrildiyi günlərin sahillərindən yola çıxaraq, çətin və ümidli illərdən keçərək torpaqlarımızın işğalına son qoyulması, suverenliyimizin tam bərpa edilməsinədək milli tariximizin ən şərəfli günlərinə yetişib. Bu yol ağrı-acılarla, məhrumiyyətlərlə yanaşı, həm də dirçəliş, yüksəliş və tərəqqinin sevincləri və məmnunluğu ilə müşayiət olunub. Keçdiyimiz yola hesabat nəzəri ilə baxanda ötən illərin hər bir gününün izlərini, çağırış və uğurlarını səhifələrimizdə görürük. Bu mənzərə “ikisahilçilər”də öyünc duyğu-düşüncələri yaratmaqla yanaşı, hər birimizə yeni həvəs və salnaməçilik məsuliyyəti də gətirir.
“İki sahil” dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın keçdiyi yolun bələdçilərindən biridir. Qəzetimiz ilk addımlarını atanda Azərbaycan hələ dövlət müstəqilliyini bərpa etməmişdi. İstər müstəqilliyimizin bərpasına qədərki, istərsə də onun qorunub möhkəmləndirilməsi uğrunda qətiyyətli mübarizə kollektivimiz üçün söz savaşı illəri olub. İlk vaxtlar müstəqil mətbuatın fəaliyyətindən danışmaq qeyri-mümkün idi. Bu, böyük cəsarət, möhkəm dözüm tələb edirdi.
Quduzlaşmış sovet senzurasının tüğyan etdiyi bir zamanda “İki sahil” qəzetini böyük çətinliklə yaratdıq, yaşatdıq. O çətinliklər çoxdan arxada qalıb. Amma zəhmətli günlərimizin yükü durmadan artıb. Müstəqil Azərbaycanın yaşıdı olan qəzetimiz ötən dövrdə böyük inkişaf yolu keçib, zəngin mətbu irs yaradıb və ölkəmizin çap mediasında özünəməxsus yer tutub. Kollektiv ilk gündən qarşıya qoyduğa amala, tutduğu yola sadiqlik nümayiş etdirib.
Bu illər ərzində qəzetin formatı, dövriliyi, dizaynı, peşəkarlıq səviyyəsi yüksəlsə də respublikamızın ictimai-siyasi, iqtisadi, mədəni həyatının bütün sahələrini dolğun şəkildə işıqlandırmaq, oxuculara ölkə və dünyada baş verən hadisələrlə bağlı dolğun məlumat çatdırmaq, müstəqil dövlətimizin siyasətinə informasiya dəstəyi göstərmək məramı dəyişməz qalıb. Çoxsaylı mətbu nəşrlər arasında özünəməxsusluğu qorumaq, geniş oxucu auditoriyası qazanmaq kollektivimiz üçün fəaliyyət üzağlığı, yaradıcılıq xoşbəxtliyidir.
“İki sahil” gəncliyinin yetkinlik dövrünü yaşayır. Hər dövrün öz tələbi, çağırışları var. Oxucuların yazılı və elektron mətbuatdan gözləntiləri zamanın mesajlarını necə əks etdirməklə cavablandırılır. Bunun üçün yola çıxdığımız ilk gündən oxucuların informasiya tələbatını daha dolğun, obyektiv və qərəzsiz ödəməyə çalışmışıq. Zaman-zaman qazandığımız inam, güvən sonrakı fəaliyyətimizə, yeniliklərə həssas olmağımıza stimul yaradıb.
– Qarabağ Zəfərimiz həyatımızı, bütövlükdə, növbəti hədəflərimizi üstün bir səviyyədə qərarlaşdırıb. Qalib ölkənin mediası bu tarixi uğuru əks etdirməklə yanaşı, həm də yeni gerçəkliyin önündə çağdaş kəmiyyət və keyfiyyət meyarları sərgiləməyə borcludur.
– Bəli, ən yaxşı müəllim və münsif zamandır. Vətən müharibəsindəki Qələbəmiz mediamız üçün də yeni tələblər və vəzifələr gündəmə gətirib. Fəaliyyətimiz bu Zəfərə layiq olmalı, onun açdığı yola işıq salmalıdır. 4 il öncəyə qədər qəzetimizin əlamətdar tarixlərini qeyd edərkən başlıca arzumuz bu olurdu ki, torpaqlarımızın işğaldan azad edilməsinin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin müjdəçisi olaq. Artıq bu müqəddəs istəyimiz dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın “dəmir yumruq” kimi birliyi sayəsində gerçəyə çevrilib. 4 ilə yaxındır ki, tarixi Zəfərimizin qürur və təntənəsini yaşayırıq.
Müstəqillik tariximizin zəfər səhifələrinin sayı isə daim artır. Bu gün ölkəmiz bütövləşmiş Azərbaycan olaraq işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərini həyata keçirir. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Ötən ilin 20 sentyabrında suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanın həyatında yeni dövr başladı. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyev son 20 ildə verdiyi bütün vədlərin yerinə yetirildiyini böyük qürurla bəyan etdi.
Biz bu möhtəşəm marafonu həssaslıq və ardıcıllıqla izləyirik. Azərbaycanın hər bir uğuru, dövlətimizin qalibiyyətli siyasəti “İki sahil” qəzetinin səhifələrində də geniş təhlil edilərək dolğun şəkildə ictimaiyyətə çatdırılır. Tarixi Zəfərimizdən, şanlı Qələbədən sonrakı dövrün reallıqlarından böyük qürur hissi ilə bəhs edirik.
Hər birimizin həyatında, fəaliyyətində də Zəfərimizin rolunu görməmək mümkün deyil. Bu gün tamamilə fərqli bir ab-havanı, ovqatı yaşayırıq. Son bir illik fəaliyyətimizə, hər gün oxucularının görüşünə gələrək onların informasiyaya olan tələbatını ödəməyə çalışan “İki sahil”in səhifələrində yer alan məqalələrə, analitik yazılara diqqət yetirsək, Azərbaycanımızın yeni dövrün hədəflərinə doğru inamla addımladığını görərik. Zəfərimizin açdığı yolun imkanları bütün sahələrin inkişafında özünü göstərir.
– Redaksiyanız nəşr etdiyi qəzetin 33 yaşını hansı yenilik və töhfələrlə qarşılayır?
– Yeniliklər bütün həyatımızı geniş əhatə etdiyi bir dövrdə ondan kənarda qalmaq, bu prosesə töhfə verməmək mümkün deyil. Təbii ki, ictimai fikrin formalaşmasında, həqiqətlərimizin təbliğində əsas missiyanı yerinə yetirən mətbuat bu yeniliklərlə özünün də yeniləşməsi ilə ayaqlaşa bilər. Qalib Azərbaycanın demokratik jurnalistikasının, söz adamlarının da qarşısında yeni hədəflər dayanır. “Media haqqında” Qanunun qəbulu, burada əksini tapan və yeniliyə çağırış olan hər bir müddəanın uğurlu icrası yolunda digər mətbu orqanlar kimi, “İki sahil” də Zəfər reallıqlarına uyğun şəkildə yeniləşir.
Qəzetimizi yeni formatda təqdim edirik. Yeni görkəm təkcə çağdaş təqdimatın libası deyil, həm də məzmun göstəricisidir. Bu yüksək meyarı cavablandırmaq hər bir əməkdaşımızın, ümumilkdə, kollektivin məsuliyyətini ikiqat yüksəldir, yaradıcılıq səylərimizi gücləndirir.
– Dediyiniz kimi, mediamızın müstəqil dövlətimizin siyasi xəttini dəstəkləməsi milli jurnalistikamızın vətəndaşlıq missiyası kimi gerçəkləşir. “İkisahilçilər” bu prosesdə də öncüllük göstərirlər.
– “İki sahil”in səhifələrində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin yeniliyi, təkmilləşməni özündə əhatə edən siyasəti nəticəsində qazanılan uğurlar davamlı və geniş əksini tapır. Ümummilli lider Heydər Əliyevin siyasi avanqard olaraq formalaşdırdığı Yeni Azərbaycan Partiyasının irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar, iqtisadi inkişafımızı təmin edən neft strategiyamızın nailiyyətləri də aparıcı mövzularımızdır. Dövlətə, dövlətçiliyə xidmət “İki sahil”in fəaliyyətinin əsas prinsipidir. Qəzetimizin manşetinə çıxarılan xəbərlər Azərbaycanın uğurlarının zirvəsində dayanan tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında görülən işlərdən, dövlətimizin atdığı Qələbə ruhlu addımlardan keçirdiyimiz xoşbəxtlik hissinin təqdimatlarıdır.
“İki sahil” daim yenilikləri öz fəaliyyətində tətbiq etməyə, uğur səhifələrini daha da zənginləşdirməyə səy göstərir. Qəzetin “ikisahil.az” internet saytı fəaliyyət göstərir. Daim zamanın tələblərinə uyğun olaraq yenilənir. “İki sahil” İnternet Televiziyası da fəaliyyət göstərir.
Qələminə, yazdığı hər bir informasiyanın dəqiqliyinə məsuliyyətlə yanaşan, analitik yazıların informasiya bolluğunu qərəzsiz, obyektiv şəkildə təmin edən əməkdaşlarımızın birgə səyləri nəticəsində ərsəyə gələn “İki sahil” oxucu auditoriyasının genişliyindən məmnundur. Bizə bu sevgini qazandıran tutduğumuz mövqeyə, əqidəyə sadiq olmağımızdır.
33 illik yolu bir neçə suala cavab çərçivəsində əhatə etmək qeyri-mümkündür. Əsas olan budur ki, atılan hər bir addımın başlanğıcında çətinliklər olsa da bu, bizi yolumuzdan döndərmədi, əksinə, daha cəsarətli, qətiyyətli olmağa səslədi. Hədəflərə doğru addım-addım irəliləyirik. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “İki sahil” qəzetinin fəaliyyətinə verdiyi dəyəri hədəflərimizin əsası, məsuliyyətimizi daha da artırmağa çağırış kimi qəbul etmişik.
“İki sahil” 1991-ci ildə kiçik bir kollektivlə yola çıxdı. 33 ildə ailənin tərkibi daha da genişləndi. Qürurvericidir ki, “İki sahil”in yetirmələrinin səsi bu gün ayrı-ayrı nüfuzlu mətbu orqanlardan, müxtəlif strukturların mətbuat xidmətlərindən gəlir. “İki sahil” gənclər üçün bir məktəbdir. Qəzetimizdə gənclərin enerjisi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdət yaradılır. Bu güc uğurlarımızda öz sözünü deyir.
– Ölkənin media ailəsində ortaq hədəflərlə yanaşı, addımladığımız “İki sahil”in kollektivini əlamətdar tarix – 33 illik səmərəli və fədakar fəaliyyətin tamam olması münasibətilə 105 yaşlı “Xalq qəzeti” redaksiyası adından səmimi təbrik edir, həmkarlarımıza yeni uğurlar arzulayırıq.
Söhbəti hazırladı:
Tahir AYDINOĞLU
XQ