AZ

Sülh müqaviləsi, yoxsa çərçivə sazişi?

Ermənistan Milli Assambleyasının növbədənkənar iclasından əvvəl Nikol Paşinyan yaxın çevrəsini toplayaraq, konkret nəyin müzakirə olunduğunu dəqiqləşdirmədən sentyabr-oktyabr aylarında ciddi, qəti addımlar atacağını bəyan edib. 

Ermənistanın “İravunk” qəzeti hakimiyyətdəki öz mənbələrinə istinadən yazır ki, bu müddət ərzində Paşinyanın KTMT-dən çıxmaq qərarına gəlməsi mümkündür.

Bu kontekstdə onlar bildirib ki, indi bir sıra qeyri-parlament qüvvələrlə geniş konsolidasiyaya ehtiyacı var.

“Danış, inandır, bizim tərəfə qalib gəl” deyən Paşinyan öz ətrafına təxminən eyni göstərişi verib. O, həmçinin hər kəsin ictimai müsahibələrinə nəzarət etdiyini və komandanın vahid iş tərzindən razı qaldığını söyləyib”, - “İravunk” qeyd edir.

Maraqlıdır, söhbət hansı addımlardan gedir? Paşinyan nə etmək niyyətindədir? Yaxın zamanda Paşinyan hakimiyyəti tərəfindən atılacaq addımlar Ermənistanı KTMT-dən çıxmağa, yoxsa konstitusiya dəyişikliklərinə hazırlamaq ilə bağlı olacaq? 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Ermənistan mətbuatında bu kimi məlumatların yayılması bir neçə səbəblə bağlıdır:

“Bildirim ki, Ermənistan ictimaiyyətində keçirilən son rəy sorğularında Nikol Paşinyan rəqiblərindən üstün olsa da, onun siyasi nüfuzu əvvəlki dövrə nisbətən çox aşağı düşüb. Bu, Paşinyanı ciddi şəkildə narahat edir. 

Paşinyan əhali arasında reytinqini artırmaq üçün elə addımlar atmalıdır ki, onun erməni cəmiyyətində qətiyyəli və uğurlu lider olması ilə bağlı rəylər çoxalsın”.

Onun sözlərinə görə, İrəvanda revanşist müxalif ünsürlərin etiraz aksiyaları yenidən təşkil oluna bilər:

“Ermənistanla Azərbaycan arasında sərhəd ərazilərin delimitasiya və demarkasiyasını bəhanə edib keşiş Baqrat Srbazanın başçılığı altında baş tutan etiraz aksiyaları heç bir nəticə vermədi.

Baxmayaraq ki, Baqratın arxasında erməni kilsəsi, erməni diasporası və “Qarabağ klanı” dayanırdır. Hazırda revanşist müxalif qüvvələr növbəti etiraz aksiyaları keçirmək üçün hazırlıq işləri görməkdədir. Paşinyan həmin aksiyaların qarşısını almaq üçün qabaqlıyıcı tədbirlər görməyə çalışacaq”.

Ekspert KTMT məsələsinin hazırda Ermənistan hakimiyyətinin gündəliyində aktual məsələ olmadığını bildirib:

“Ermənistan KTMT-nin son tədbirlərində iştirak etməkdən imtina edib, təşkilata maliyyə ayırmağı dayandırıb. Demək olar ki, Ermənistan KTMT-də fəal iştirakçı kimi görünmür. Hesab etmirəm ki, yaxın zamanda bu məsələ yenidən gündəmə gələcək”.

Payızda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkünlüyünə gəlincə, O.Qasımov vurğulayıb ki, sülh sazişinə qədər iki ölkə arasında çərçivə sazişi imzalana bilər:

“ABŞ Azərbaycan və Ermənistanı sülh sazişi imzalamağa tələsdirir. Amma Azərbaycanın mövqeyi bəllidir. Ermənistanın Konstitusiyasında və qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar ləğv olunmayınca, sülh sazişinin imzalanması qeyri-mümkündür”. 

Politoloq onu da əlavə edib ki, Ermənistanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilmə ehtimalı çox aşağıdır:

“Yaxın zamanda Ermənistanda ümumxalq referendumun keçirilməsi inandırıcı görünmür. Ermənistan rəsmilərinin son açıqlamaları onu göstərir ki, ilk növbədə erməni cəmiyyətini referenduma hazırlamaq lazımdır. Erməni cəmiyyəti buna hazır deyil.

Amma qarşıdakı aylarında Ermənistanda yeni qızğın siyasi proseslərin baş verməsi gözləniləndir. Qərb ilə Rusiya arasında Ermənistan üzərində geosiyasi rəqabət daha da şiddətlənir. Bu isə Ermənistanın daxili sabitliyinə öz təsirini göstərəcək”. 

Seçilən
151
50
cebheinfo.az

10Mənbələr