Bakı, 20 avqust, AZƏRTAC
“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası Mərkəzi Seçki Komissiyasının məlumatları və açıq mənbələr əsasında qeydə alınmış namizədlərlə əlaqədar təhlil aparıb.
Namizədliyi qeydə alınmış 1052 nəfərin faiz nisbəti ilə yaş qruplara bölgüsü aşağıdakı kimidir: 18-39 yaş 39,4 faiz, 40-59 yaş 43 faiz, 60 yaş və yuxarı 17,6 faiz.
Gender bölgüsünə əsasən, namizədlərin faiz nisbəti ilə say bölgüsü aşağıdakı kimidir: qadınlar 26.4 faiz, kişilər isə 73, 6 faiz.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatlarlar “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının avqustun 20-də parlament seçkiləri ilə əlaqədar təqdim etdiyi hesabatda əks olunub.
Hesabatda göstərilir ki, namizədliyi qeydə alınan 308 nəfər 25 siyasi partiyanın nümayəndələridir. 25 siyasi partiyanın 592 səlahiyyətli nümayəndəsi qeydə alınıb.
QHT nümayəndələrinin seçki prosesində fəal iştirakı müşahidə olunur. QHT nümayəndəsi kimi 17 dairə üzrə 20 namizəd qeydə alınıb. Bu namizədlərin 16-sı QHT nümayəndəsi olaraq öz təşəbbüsü ilə, 2 nəfər YAP-ın siyahısı üzrə, 1 nəfər Ümid Partiyasından, 1 nəfər isə Ana Vətən Partiyasından namizədliyini irəli sürüb. Namizədlərdən 15-i QHT sədri, digərləri isə nümayəndələrdir.
QHT namizədlərin gender tərkibi bərabərdir: 10 qadın, 10 kişi. Araşdırmalar göstərir ki, eyni dairələr üzrə (35 və 81) hər birində 2 QHT nümayəndəsi arasında mübarizə gedir.
Eyni zamanda, namizəd kimi qeydə alınan 10 QHT sədrinin MSK-nın rəsmi səhifəsində iş yeri başqa sahə kimi qeyd olunub. Bu şəxslərdən 6-sı kişi, 4-ü isə qadındır. Beş nəfər öz təşəbbüsü ilə, qalanlar isə müxtəlif partiyalardan (2 nəfər ƏHD Partiyasından, 1 nəfər Ümid Partiyasından, 1 nəfər Ana Vətən Partiyasından, 1 nəfər Vətəndaş Həmrəyliyi Partiyasından) namizədliyini irəli sürüb.
Bu şəxslərin namizədliyi 10 seçki dairəsində (9, 17, 15, 24, 32, 50, 65, 70, 90 və 119) qeydə alınıb. QHT sektorundan seçkilərdə ümumilikdə 30 nümayəndənin iştirak edir.