İranın Ermənistanla sərhədində vəziyyət nəzərdə tutulur
ABŞ-nin bölgəyə hərbi müdaxiləsinin sübutları göz çıxarır. İİR Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani isə “feyk-xəbərlər”dən dəm vurur. Yerli media mənsubları ilə görüşündə ABŞ-nin Ermənistana radar və zenit avadanlığı verməsi faktını şərh etməkdən yayınan İranın diplomatiya idarəsinin rəsmi sözçüsü bunun əvəzində Ermənistan və İran arasında dostluq, konstruktiv və yaxın münasibətlərin olduğunu vurğulamağa tələsib. “Armenpress” xəbər verir ki, İran XİN-nin nümayəndəsi öz çıxışında Ermənistan və İranın regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə səylər və əməkdaşlığın inkişaf etdirilməsi üçün ortaq istəklərini, habelə iqtisadi-ticarət inkişaf və tərəqqi naminə ümumi sərhədləri qorumağın vacibliyindən danışıb.
ABŞ-nin Cənubi Qafqaza hərbi-siyasi müdaxiləsinə isə Kənani özünəməxsus tərzdə münasibət ildirib: “Biz ölkələr arasında ikitərəfli məsələlərə və ya üçüncü ölkələrlə münasibətlərə münasibət bildirmirik və ya onlara müdaxilə etmirik. Amma, ümumilikdə, ABŞ-nin bölgədəki roluna neqativ yanaşırıq. Bölgədəki hərbi gərginlik atmosferi ABŞ hökumətinin müxtəlif ölkələrdəki sabitliyi pozmağa yönəlik fəaliyyətlərindən qaynaqlanır”.
Bu əsnada, o, Pentaqonun İrəvana silah-sursat və şəxsi heyətlə dolu iki hərbi təyyarəsinin enməsi faktını təkzib edərək deyib: “ABŞ ordusunun Zəngəzura girməsi” barədə xəbər Azərbaycan tərəfinin növbəti dezinformasiyasıdır. Amerika hərbçilərinin sərhəddə yerləşməsi və s. ilə bağlı “bir neçə ağılsız” məqalə yenidən ifşa olunub. Azərbaycanın “provakasiyası” iflasa uğradı”.
Beləliklə, deyilən olayla bağlı Azərbaycan mediasının ortaya qoyduğu foto-video faktlara Vaşinqtonun hələ də reaksiya bildirməməsi, yalnız İrəvandakı səfirinin dili ilə dolayısı bir cavab verməsi fonunda İran diplomatiyası nəinki susmaqda davam edir, hətta gözəgirən sübutları görməzdən gəlir. Bizim üçün bunun səbəbi nə qədər maraqlıdırsa, rəsmi Tehranın sərgilədiyi buqələmun mövqeyi o dərəcədə müəmmalı və sual doğurucudur. Əslində, əsl “provakasiya” bu susqunluq və bu mövqesizlikdir.
“Çünki feyk xəbər yaymaq bir şeydir, ona refleksin yaranmaması ayrı şeydir. Bu səhvlərin üzərindən maraqlı güc mərkəzləri informasiyanı hərtərəfli analiz edir və üzərində işləyirlər. Onda mötəbərlilik axtarırlar. Bu, ilk belə hal deyil”.
Daha hansı hallar baş verməlidir ki, Tehran İrəvanın ona qarşı planlaşdırılan böyük oyunun “piyadası” olduğunu qəbul eləsin? ABŞ ordusunun timsalında NATO kandarına qədər gəlib çıxıb, amma İran XİN hələ kimlərinsə araşdırmalarının nəticələrini gözləməkdədir. Deyəsən, bir qədər çox oldu...
İ.HƏSƏNQALA
XQ