EN

“Abzas Media” nəşri “Azad Media” mükafatına layiq görüldü

Yayımlandı: 23 Avqust 2024 14:52 Mükafatın digər laureatları Ukrayna, Rusiya, Belarus və Gürcüstandan olan jurnalistlərdir “Abzas Media” 2024-cü il üzrə “Azad Media” mükafatına (“Free Media Awards”) layiq görülüb. Norveç və Almaniyada fəaliyyət göstərən “The Fritt Ord Foundation” və “ZEIT Stiftung Bucerius” fondları tərəfindən verilən bu mükafat, əsasən, post-sovet məkanında təhdidlərə baxmayaraq, fəaliyyətinə davam edən müstəqil jurnalistlərə və media qurumlarına verilir. Mükafat komitəsi bildirir ki, 2016-cı ildə bir qrup gənc fəal və jurnalist tərəfindən yaradılan “Abzas Media” qısa zamanda sosial mediada geniş auditoriya toplayıb. “Sayt son dövrdə xüsusilə hökumətin yol verdiyi korrupsiya hallarına dair araşdırmaları ilə məşhurlaşıb, Qarabağda yenidənqurma işləri ilə bağlı dövlət satınalmalarına diqqət çəkib”. Məlumatda qeyd edilir ki, “Abzas Media” Azərbaycanda insan haqlarının pozuntusu hallarını ortaya çıxarır, eyni zamanda, məhkəmə işləri, həssas qrupların mübarizələri və müxalifət haqqında reportajlar hazırlayır: “Bütün bunları edərkən də jurnalist prinsiplərinə sadiq qalırlar”. Daha sonra 2023-cü ildə Azərbaycan hökumətinin “Abzas Media”nın altı jurnalistini həbs edərək repressiyaya məruz qoyduğu, onlara qarşı “qaçaqmalçılıq” və “ölkəyə qeyri-qanuni yolla pul gətirmə” maddələri ilə ittiham irəli sürüldüyü xatırladılır. “Avqustda nəşrin həbsdə olan əməkdaşlarına qarşı daha 7 ittiham irəli sürülüb, indi onları 12 ilə qədər həbs gözləyir. “Abzas Media” ilə əməkdaşlıq edən şəxslər məhdudlaşdırıcı tədbirlərə məruz qalıb, araşdırmalarda iştirak edənlərdən bəzilərinə isə ölkəni tərk etmək qadağası qoyulub” , – deyə sənəddə qeyd edilib. 2023-cü ilin noyabrında “Forbidden Stories” Konsorsiumunda bir araya gələn 15 tanınmış media qurumu “Abzas Media”nın yarımçıq qalan araşdırmalarını davam etdirmək uğrunda birləşiblər. 2024-cü ilin fevralında həbsdə olan redaksiya heyəti azərbaycanlı araşdırmaçı jurnalist Leyla Mustafayevanı “Abzas Media”nın müvəqqəti baş redaktoru təyin edib. Bu qərardan sonra mühacirətdə olan jurnalistlərdən və “Abzas Media”dan ibarət yeni araşdırma qrupu platformanın fəaliyyətini Azərbaycandan kənarda davam etdirəcəyini açıqlayıb. “Azad Media” mükafatının builki digər laureatları Ukraynanın “Bihus.Info” nəşri, gürcüstanlı jurnalist Nastasia Arabuli, belarusiyalı jurnalist Larisa Şirakova, rusiyalı jurnalist və redaktor Mixail Afanasyevdir. Macarıstandan bu mükafata ilk dəfə bu il jurnalist və redaktor Sabolç Panyi layiq görülüb. Hər bir laureata verilən mükafat məbləği 15 min avro olur. Mükafatlandırma mərasimi bu ilin sentyabrında Osloda yerləşən Nobel İnstitutunda təşkil olunacaq. Əvvəllər bu mükafata Azərbaycandan Rauf Mirqədirov, Natiq Cavadlı, Şahvələd Çobanoğlu, Zamin Hacı, Xədicə İsmayıl, Mehman Hüseynov, Seymur Həzi və Hafiz Babalı, “Turan” İA, “Azadlıq” qəzeti və “Meydan TV” layiq görülüblər. Bu, əməkdaşları həbs edildikdən sonra “Abzas Media”ya təqdim olunan sayca ikinci mükafatdır. Nəşr 2024-cü ilin martında“People In Need” Təşkilatının təsis etdiyi nüfuzlu “Homo Homini” Qlobal İnsan Haqları Mükafatına layiq görülüb. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
2
xural.com

3Sources