EN

Müəllimlərdə olduğu kimi, rayonlarda işləyən həkimlərə də GÜZƏŞTLƏR OLACAQ?

Bölgələrdə yaşayan vətəndaşlar müayinə və müalicə olunmaq üçün daha çox paytaxta üz tuturlar. Bunun müxtəlif səbəbləri var. Bəzi müayinə və cərrahi əməliyyatlar rayon tibb müəssisələrində həyata keçirilmir.

Digər səbəb kimi isə bölgələrdə peşəkar, işinin öhdəsindən bacarıqla gələn həkimlərin olmamasını göstərirlər. Həmçinin, gənc həkimlərin də işləmək üçün bölgələrə yox, paytaxt xəstəxanalarına, özəl klinikalara üz tutduğunu qeyd edirlər.

Xatırladaq ki, bölgələrdə, xüsusilə, kəndlərdə işə başlayan müəllimlərə 5 il müddətində müəyyən güzəştlər tətbiq edilir, həvəsləndirci tədbirlər çərçivəsində onların əmək haqlarına müəyyən məbləğdə artımlar edilir.

Bəs rayonlarda işləmək üçün müəllimlər kimi həkimlərə də müəyyən güzəştlər, həvəsləndirmə tədbirləri həyata keçirilməlidirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya həkim-terapevt Rasif Bağırov danışıb. O bildirib ki, rayonlarda, doğrudan da, savad səviyyəsi çox aşağı olan həkimlər var:

“Bölgələrdə həkim çatışmazlığını təsəvvür etmirəm. Azərbaycanda əhali sayına düşən həkimlərin ümumi sayı dünyanın bütün ölkələrindən çoxdur. Bəzən elə xəstələr Bakıya gəlir ki, həmin xəstələrə həkim yanaşmasında çox səhvlərə yol verilib, orta səviyyəli həkimin diaqnoz qoya bildiyi xəstəyə rayonda səhv diaqnoz qoyurlar. Nəticədə xəstələr bundan əziyyət çəkir. Bunun da əsas səbəblərindən biri ondan ibarətdir ki, rayon yerlərində insanların dolanışıq səviyyəsi aşağı olduğuna görə, şəhərə istədikləri vaxt gəlib müayinə oluna bilmirlər. Rayon həkimləri də bu fürsətdən istifadə edib öz biliklərini artırmırlar”.

O hesab edir ki, savadını artırmayan həkimin əmək haqqı da artırılmamalıdır:

“İri şəhərlərdə belə çox böyük səhvlərə yol verilən diaqnostikalar olur. Əslində, həkimlərin bilik səviyyəsini yüksəltmədən onların maaşının qaldırılmasını düzgün hesab etmirəm. Çünki bəzən düzgün diaqnoz qoyulmayan, müalicəsi tamamilə səhv təyin olunmuş xəstələrlə rastlaşırıq. Həkimlər də qoyduqları səhv diaqnoza görə heç bir məsuliyyət daşımırlar. Səhiyyənin bu vəziyyətdə olmasının əsas səbəblərindən biri həkimlərin bilik səviyyəsinin aşağı olmasıdır”.

Günay Şahmar, Bizim.Media

Chosen
66
1
bizim.media

10Sources