EN

Mingəçevirdə su-kanalizasiya xətlərinin çəkilişində maaş mübahisələri

Yayımlandı: 29 Avqust 2024 13:02 Texnika icarəyə verənlərin və fəhlələrin iddiasına görə, 1 ildən çoxdur şirkətdən pullarını ala bilmirlər “Özümüzə məxsus texnikalarımızla fəhləlik etmişik, bəzilərimiz şəxsi texnikalarını icarəyə verib, uzun müddətdir ki, pullarımızı ödəmirlər. Məhkəməyə vermişik, bizə olan borclarının ödənilməsi ilə bağlı qətnamələr çıxıb, onu da icra etmirlər”. Elmir Feyziyev Meydan TV-yə danışır ki, yaşadığı Mingəçevir şəhərində su-kanalizasiya xətlərinin çəkilişi ilə məşğul olan “Emek Mühendisliyi” MMC yerli sahibkarlardan icarəyə götürdüyü texnikaların icarəhaqqını və fəhlələrin maaşını 1 ildən çoxdur ki, ödəmir. Mingəçevirin su təchizatı və kanalizasiya sisteminin qurulması üçün 3 il əvvəl “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tender keçirilib. 40 milyon 735 min 655 manat 78 qəpik dəyərindəki tenderin qalibi “Nort Vest Konstrakşn” MMC olub. (Nzamnamə kapitalı 100 min manat olan “Nort Vest Konstrakşn” MMC 14 dekabr 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı ölkəninən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər prospekti 153-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bədəlov Elçin Tofiq oğludur). “Emek Mühendislik” MMC isə bu işlərdə subpodratçı şirkətdir. Şirkət 27 yanvar 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Bakı şəhəri Nəsimi rayonu, Cavad xan, ev 70, m. 19”da yerləşən şirkətin qanuni təmsilçisi Serdar Kayadır. 10 manat nizamnamə kapitalı olan MMC-nin hazırda dövlət büdcəsinə azı 500 min manat borcu var. Elə vətəndaşlarla texnikaların icarəsi və işçi müqavilələrini də bu şirkət bağlayıb. Ancaq iddialara görə, uzun müddətdir ki, şirkət nə yığılıb qalmış icarəhaqlarını, nə də maaşları ödəyir. Foto: “Nort Vest Konstrakşn” MMC Elmir Feyziyev sözünə davam edir: “İlk 2-3 ay ərzində maaşlarımızı vaxtında ödədilər. Sonra gecikmələr başladı, daha sonra isə ümumiyyətlə, ödənişlərimizi dayandırdılar. Həmin vaxt işlərin başında Türkiyə vətəndaşı Uğur Yeniceri idi. Sonra işləri Sərdar Kayaya təhvil verdi. Sərdar Kaya söz verdi ki, yığılıb qalan maaşlarımızı qısa müddətdə ödəyəcək, ancaq vədini yerinə yetirmədi. Əlacsız qalıb Türkiyə səfirliyinə, məhkəməyə, əlimiz çatan hər yerə müraciət etmişik. Bunların arxasında kim dayanır, bilmirik. Pulları ödənilməyənlər arasında şəhid ailələri var”. Nurlan Əliyev Mingəçevirdəki yanacaqdoldurma məntəqsinin sahibidir. Onun iddiasına görə, şirkətin yanacaqdoldurma məntəqəsinə 11 min manat borcu var: “2023-cü ilin yanvarında Sərdar Kaya ilə müqavilə bağlamışam. Məndən dizel yanacağı götürüblər. 1 ildən çoxdur ki, 11 min manat borcu qaytarmırlar. Dəfələrlə Bakıdakı ofislərində olmuşam. Hər dəfə gedəndə görürəm ki, ofisin yerini dəyişiblər, axtara-axtara qalıram. Məqsədləri nədir, nə etmək istəyirlər, bilmirik. Hər dəfə ofislərini axtarıb tapıram, eşitdiyim sözləri də bu olur ki, “növbəti həftə borcu ödəyəcəyik”, Növbəti həftə keçir, yenə gedirəm, görürəm ofisin yerini dəyişiblər. Bizimlə gizlənqaç oynayırlar. O pulun vergisini də ödəmişəm, əlavə gəlir vergisini də ödəmişəm, ancaq hələ də pulu onlardan ala bilmirəm”. Elmir Feyziyev, Elməddin Cavadov, Kamil Mustafayev, Nurlan Əliyev. Foto-kollaj Meydan TV Şirkətin borclu qaldığı sahibkarlar təkcə mingəçevirlilər deyil. Ölkənin müxtəlif bölgələrindən pulunun dalınca get-gəl edənlər var. Məsələn, Yevlax sakini CumalıMehdiyev müqavilə əsasında öz texnikası ilə bu şirkətin işlərini gördüyünü deyir. İddia edir ki, şirkətin ona 11 min manat borcu var: “Bir ildən çoxdur ki, 4 aylıq əmək haqqımı ödəmirlər. Əvvəllər zəng vuranda heç olmasa cavab verirdilər, yalan vədlər versələr də, səslərini eşidirdik. Son bir ayda heç zəngə də cavab vermirlər”. İşlərini görməsi üçün öz texnikalarını “Emek Mühendislik” MMC-yə müqavilə əsasında icarəyə verən Elməddin Cavadov iddia edir ki, 9 min manat civarında haqqını şirkətdən ala bilmir: “Mən də 2022-ci ildə şirkətə müqavilə əsasında texnika icarəyə vermişəm. Bir ildən çoxdur ki, məhkəmələrdəyəm. Qətnamə xeyrimə çıxarılsa da, şirkət icra eləmir. Gündə bir ünvan dəyişirlər deyə, icra məmurları da əllərində girinc qalıb. Şirkət rəhbəri özü zənglərə cavab vermir, cavab verəndə də deyir, səbr eləyin, tezliklə ödəyəcəyik”. Kamil Mustafayevinsə iddiasına görə, şirkətdən 14500 manat alacağı var: “İcarəyə 7 maşın vermişəm. Dolğu materialları vermişik. Heç nəyin pulu ödənilməyib. Avqustun 7-də söz verdilər ki, 4-5 gün ərzində borclarımızı ödəyəcəklər. Yenə də vədlərinə əməl etmədilər, zənglərimizə də cavab vermirlər. Tək Mingəçevirdən deyil, Bərdədən elə iki nəfəri mən tanıyıram ki, şirkətdən xeyli pul alacaqları var. Bakıdan da var. Deyirlər, hər şeydən yuxarıda məhkəmədir, ora da getmişik. Bir şirkət məhkəmənin çıxardığı Qətnaməni də saymırsa, daha hara gedək, dərdimizi daha kimə deyək?”. Şirkətdən Meydan TV-yə sahibkarlara borc yaranması barədə deyilənlər təsdiqlənib. Bildirib ki, şirkətin maddi durumu ürəkaçan deyil. Yaxın vaxtlarda şirkət rəhbərliyi borcların ödənilməsi üçün sahibkarlarla əlaqə yaradacaq. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
xural.com

1Sources