EN

Rejissoru velosiped vurub, polis “kameraya düşməyib” deyir

Yayımlandı: 29 Avqust 2024 17:33 “Polis onların kimliyini bir ay müddətinə aşkarlamasa, iş bağlanacaq” Rejissor Elvin Adıgözəl üç velosipedçi tərəfindən vurulduğunu deyir. Rejissor Meydan TV-yə bildirib ki, hadisə avqustun 25-də axşam saatlarında Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının yaxınlığındakı avtobus dayanacağında baş verib. “Anamla dayanacaqda idik. Axşam saat 10 radələri idi. Avtobusun gələn istiqamətinə baxmaq üçün dayanacağın önünə çıxdım. Bu zaman yolun əks istiqamətindən üç nəfər velosipedçi sürətlə gəlib, məni vurdular. Toqquşma və güclü zərbədən yerə yıxıldım. Qolumda güclü ağrı hiss etdim. Onlara dedim ki, təcili tibbi yardıma zəng edin. Onlar cavabında dedilər ki, biz niyə zəng etməliyik? Sonra da sürüb, uzaqlaşdılar. Bundan sonra sürünərək, ağrı içində taksi tutub, xəstəxanaya getdim. Qolum sınıb, dizlərimdə qançırlar və çoxsaylı xəsarətlər var”. Elvin Adıgözəl. Foto: Meydan TV Elvin Adıgözəl deyir ki, hadisədən sonra Nəsimi Rayon Polis İdarəsinə şikayət edib: “Təhqiqat aparan müstəntiq deyir ki, velosipedçilərin kimliyini kamera görüntülərində müəyyən etmək mümkün deyil. Polis onların kimliyini bir ay müddətinə aşkarlamasa, iş bağlanacaq. Hesab edirəm ki, bu, doğru deyil. Şəhərdə bu formada velosiped sürmək və insanların həyatına təhlükə yaratmaq yolverilməzdir. Hüquq-mühafizə orqanları da bu işdə daha məsuliyyətli olmalıdırlar”. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Elvin Adıgözlin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı polis orqanında araşdırma aparılır. “Hadisəni törədən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür”, – mətbuat xidmətindən bildirilib. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
xural.com

1Sources