EN

Zəngəzur dəhlizinə özəl şirkət nəzarət edə bilər – Bu, hansı dövlətlərin marağına uyğundur?

Bir neçə gün əvvəl Azərbaycanda dövlət səfərində olan Rusiya Prezidenti Vladimir Putin dünən Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub, Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.Məlumdur ki, dəhliz məsələsi sülh sazişindən çıxarılıb.Telefon zəngi bu istiqamətdə yeniliklərin olduğunu deməyə əsas verirmi? Sülh sazişinin yaxın zamanlarda imzalanması mümkündürmü?VI çağırış Milli Məclisin deputatı Hikmət Məmmədov TNS-in bu barədə suallarını cavablandırarkən bildirib ki, Zəngəzur dəhlizi məsələsi hər iki tərəfin – Azərbaycan və Ermənistanın razılığı ilə sülh sazişindən çıxarılsa da, siyasi gündəmdən çıxarılmayıb: “Çıxarılması mümkün də deyil. Sülh sazişi və Zəngəzur dəhlizi bəlkə müxtəlif vaxtlarda, ayrı-ayrılıqda müzakirə olunacaq, müəyyən razılaşma əldə ediləcək. Amma hər kəsə aydındır ki, Zəngəzur dəhlizi, kommunikasiyalar açılmasa, sülh də mümkün olmayacaq. Ona görə bu iki məsələ ayrılıqda müzakirə edilsə də, sülhün iki mühüm komponentidir.Təsadüfi deyil ki, Rusiya Prezidentinin Azərbaycana səfəri zamanı bu məsələlər müzakirə edildi”.Hikmət Məmmədov deyib ki, Zəngəzur dəhlizi Rusiyadan Orta Asiya ölkələrinə, Orta Asiyadan Çinə, Çindən ABŞ-yə qədər bütün tərəflərin maraq dairəsindədir: “Çünki ənənəvi kommunikasiyalar Rusiya-Ukrayna müharibəsi və digər səbəblərdən bağlanır, məhdudlaşdırılır.Zəngəzur dəhlizinin açılması bu kontekstdə daha da aktuallaşır. Təəssüf ki, dəhlizin necə və hansı şərtlərdə açılması ilə bağlı fikir ayrılıqları mövcuddur. ABŞ dəhlizi Rusiyadan yan keçməklə Orta Asiya ölkələrinin Qərbə çıxış yolu kimi görür. Hesab edir ki, dəhlizə nəzarət imkanları, alətləri onun əlində olmalıdır.Rusiya tam fərqli mövqe nümayiş etdirir, buna həm də özünün Türkiyə üzərindən Qərbə çıxış yolu kimi baxır.İranın mövqeyi daha fərqlidir və s.”.Onun fikrincə, burada əsas Azərbaycanın və Ermənistanın mövqeyidir.“Ona görə bu məsələlər müzakirə edilərkən, Ermənistan və Azərbaycan arasında 10 noyabr 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə imzalanmış bəyannaməni tamamilə kənarda qoymaq mümkün olmayacaq.Mənə elə gəlir ki, hazırkı mərhələdə dəhlizin açılması getdikcə daha da aktuallaşır. Çünki dünyada ziddiyyətlər daha da artır, Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür.Dəhlizin açılmasında maraqlı olan Rusiyanın burada müəyyən məqsədləri var. Rusiya dəhlizə nəzarət etmək niyyətindədir. Məlumdur ki, bu, sadəcə iqtisadi kommunikasiyalara deyil, eyni zamanda Rusiyanın Cənubi Qafqaza strateji nəzarəti kimi də başa düşülməlidir. Amma mənə elə gəlir ki, bu mərhələ artıq arxada qalıb. Yəni üçtərəfli bəyanatın bir çox bəndi sənədin imzalanmasından indiyədək keçən müddətdə tamamilə etibarsızlaşıb. Belə olan halda mümkündür ki, dəhlizə nəzarət bəyannamədə qeyd olunduğu kimi, hərbi və ya yarımhərbi vasitələrlə deyil, Qərbdə mövcud olan başqa bir təcrübə ilə - iqtisadi vasitələrlə həyata keçirilsin.Məsələn, dəhlizə hər üç ölkənin zəmanəti ilə fəaliyyət göstərən bir şirkət vasitəsilə nəzarət etmək olar. Belə olanda halda Rusiyanın da, Azərbaycanın da, Ermənistanın da maraqları təmin oluna bilər. Eyni zamanda regionda artıq üçüncü ölkələrin hərbi iştirakçılığı olmaz. Həm bəyannamədə qeyd olunduğu kimi, Rusiya sərhəd qoşunlarının gəlməsinə ehtiyac qalmaz. Mənə elə gəlir ki, bu, Rusiyadan başqa, Azərbaycan və Ermənistanın da maraqlarına uyğundur. Həm də ABŞ-nin hansısa hərbiləşmiş strukturu iştirak edə bilməz. Bu da çox aktualdır. Bilirik ki, ABŞ son dövrlərdə Zəngəzur dəhlizinə çox ciddi maraq göstərir. Hətta orada müəyyən hərbiləşmiş obyektlər yaratmağa çalışır. Ona görə düşünürəm ki, indiki mərhələdə daha aktual olan qeyri-hərbi vasitələrlə, hərbçilərin iştirakı olmadan qeyri-dövlət təşkilatlarının dəstəyi ilə nəzarət həyata keçirilə bilər.Fikrimcə, son vaxtlar dəhliz məsələsini üç ölkənin yenidən gündəmə gətiməsi bununla bağlıdır”, - deyə o fikrini yekunlaşdırıb.

Chosen
111
50
dia-az.info

10Sources