Yayımlandı: 31 Avqust 2024 12:25 “Aztikintiyol”a qarşı qərarın qəbulundan 1 il 4 ay vaxt keçir, amma şirkət qərarı icra eləmir” Şabran sakini olan Məmmədtağıyevlər ailəsi 10 il öncə Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində ağır qəzaya düşüb. Nəticədə 34 yaşlı Mehrab Məmmədtağıyev, onun həyat yoldaşı 28 yaşlı Ofelya Məmmədtağıyeva, onların 7 və 6 yaşlarında iki qızları yaralanıb, Yusif adlı 8 aylıq daha bir övladları isə qəza zamanı ölüb.Məmmədtağıyevlər hərbçi ailəsidir, zaman-zaman müxtəlif bölgələrdə yaşayıblar. Hadisə baş verən dövrdə – 2014-cü il iyunun 30-da Gəncəyə gedirlərmiş. Mehrab Məmmədtağıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili nasazlığa görə yolun kənarında saxlayıb. Bu zaman ətrafda iki yük maşını – Müstəcəb İsgəndərovun idarə etdiyi “MAN”la Niyaməddin Kərimovun sürdüyü “KamAZ” toqquşub. Zərbənin təsirindən “KamAZ” gəlib içində ailənin olduğu avtomobilə çırpılıb. Nəticədə Məmmədtağıyevlər ailəsinin başına belə bir faciə gəlib. Araşdırmalardan sonra istintaqçılar belə nəticəyə gəlib ki, qəzanın baş verməsinə görə təqsirkar Müstəcəb İsgəndərovdur. O, cinayət məsuliyyətinə cəlb edilib. Onun idarə etdiyi yük maşını isə “Aztikintiyol” MMC-yə məxsus olub. Hadisə də şirkətin yükünü daşıdığı vaxt baş verib. Bu üzdən Ofelya Məmmədtağıyeva şirkətə qarşı təzminat tələbilə iddia qaldırıb. Zərərçəkmiş deyir ki, qəza nəticəsində onun ailəsinə həm maddi, həm də ağır mənəvi zərər dəyib, övladını itirib. Buna görə isə sürücü ilə yanaşı, şirkət də məsuliyyət daşıyır. Onun sözlərinə görə, “Aztikintiyol”a qarşı 40 min manat təzminat tələbilə məhkəmədə iddia qaldırıb. Lakin məhkəmə onun iddiasını qismən təmin edib. Şirkətin üzərinə zərərçəkmiş ailəyə 8 min manat təzminat ödəmək öhdəliyi qoyub: “Bu qərarın qəbulundan bir il dörd ay vaxt keçir, amma indiyə qədər icra olunmayıb. Kağız üzərində qalıb. Şirkət bu kiçik məbləğdə təzminatı də ödəmək istəmir. Dəfələrlə qərarın icrası üçün məhkəmə icraçılarına da müraciət olunub. Onlar da deyir ki, bu şirkətlə bağlı başqa məhkəmə qərarları da var. O qərarlar da icrasını gözləyir. Bu, nə deməkdir? Vəkillərlə məsləhətləşmişik, deyirlər ki, insanların həyatı, sağlamlığıyla bağlı məsələlərə üstünlük verilməlidir”. Foto: Meydan TV Meydan TV məhkəmə qərarının icra olunmamasının səbəbilə bağlı “Aztikintiyol” MMC-dən münasibət öyrənə bilməyib. O da məlum olub ki, şirkətin nümayəndəsi təzminat tələbilə qaldırılmış məhkəmədə də iştirak etməyib və bu prosesə etiraz da göndərməyib.Baş Dövlət Yol Polisi İdarəsinin məktubuna əsasən, “Aztikintiyol” MMC-nin mülkiyyətində 85 nəqliyyat vasitəsi və yarışqoşqular var. “90-a yaxın maşını olan şirkət 8 min manatı ödəyə bilmir? Ya da ödəmək istəmir”, – şikayətçi deyir. Meydan TV