EN

Moskva ilə İrəvanın "Zəngəzur dəhlizi" dueli kəskinləşir...

Image

Rusiyanın xarici işlər naziri Sergey Lavrov  yenidən Ermənistanı Azərbaycanla Rusiyanın vasitəçiliyi ilə 2020-ci il müharibəsindən sonra əldə olunmuş razılaşmanı iflasa uğratmaqda ittiham edib. Lavrov, xüsusilə də İrəvanın Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizi açılmasından və bu dəhlizə nəzarət üçün Rusiya sərhədçilərinin yerləşdirilməsindən imtina etməsini vurğulayıb. 

O, Moskva Beynəlxalq Əlaqələr İnstitutu tələbələrinin qarşısında çıxış edərkən bildirib: “Biz indi belə bir faktdan narahatıq ki, Rusiya, Ermənistan və Azərbaycan arasında 2020-2022-ci illərdə bir neçə sammitdə yekunlaşdırılmış üçtərəfli razılaşmalar dayandırılıb. Mən nəqliyyat bağlarının bərpası məsələsini qeyd etdim və bunu da qeyd etdim ki, bunun üzərində işləyən üçtərəfli komissiya faktiki olaraq iclaslar keçirmir. İrəvan hesab edir ki, bunu birbaşa Azərbaycanla həll etməlidir. Olsun, əgər öhdəsindən gəlsələr, problem deyil”. Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə Lavrovun buna bənzər bəyanatlarını rədd etmişdi. Paşinyanın sözlərinə görə, Ermənistan-Azərbaycan nəqliyyat kommunikasiyaları həm də bu sənədin məntiqi ilə heç bir əlaqəsi olmayan və buna zidd bəyanatlar verən bir sıra rusiyalı partnyorların bəyanatlarına görə indiyədək açılmayıb. Lavrov Paşinyanın bu şərhini cəfəng yanaşma adlandırıb və diqqəti 10 noyabr 2020-ci il atəşkəs razılaşmasına çəkib. O deyib ki, irəvan Naxçıvanla Azərbaycan arasında nəqliyyat bağlarının təhlükəsizliyinə zəmanət verməli və bu yolla adamların və yüklərin hərəkətinə isə Rusiya sərhədçiləri nəzarət etməlidir: “Bu yaxınlarda baş nazir Paşinyanın Ermənistanın prosesləri ləngitməkdə ittiham edilməsinin yalan olduğunu dediyi müsahibəsini oxuyanda təəccübləndim. Vəzifələrdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrini bərpa etməkdir. Belə ki, prezidentlər Putin, Əliyev və baş nazir Paşinyan tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan sənəddə deyilir ki, həm dəmir yolu, həm də avtomobil yolu ilə hərəkət bərpa olunacaq. Onun mühafizəsini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin edəcək. Və mən Paşinyanın Ermənistanın prosesi ləngitməkdə ittiham edilməsinin yalan olduğunu dediyi müsahibəsini oxuyanda təəccüb keçirdim. Qəribədir, çünki əslində Ermənistan əvvəlcə yoldan imtina etdi və yalnız dəmir yoluna sahib olmaqda israr etdi. Azərbaycan buna heç bir səbəb görmədi, amma bizim vasitəçiliyimizlə razılaşdı. Sonra birdən Ermənistan dedi ki, rus sərhədçilərin iştirakı olmayacaq, halbuki bu, sazişdə açıq-aydın yazılıb. Dedim, bu bizə aydın deyil. "Biz bunu özümüz edəcəyik", - dedilər. Azərbaycanlılar bildirirlər ki, azərbaycanlıların Ermənistan ərazisindən keçərək Naxçıvana gedərkən ilk mərhələdə öz təhlükəsizliyinə arxayın olması üçün inamsızlıq, hətta belə demək mümkünsə, düşmənçilik səviyyəsi hələ də çox yüksəkdir. Ona görə də bu danışıqların mümkünlüyü və ya olmaması çox vaxt həlledici rol oynayır”.

Ermənistan liderləri Moskvanı sözügedən üçtərəfli bəyanatın qüvvədən düşdüyünə inandırmağa çalışırlar. Onlar vurğulayırlar ki, Qarabağın bütün erməni əhalisinin bölgəni tərk etməsi də bunu göstərir. Lakin Lavrov bir daha təkrar edib ki, Qarabağ ermənilərinin bölgəni tərk etməsinə Nikol Paşinyanın özü 2022-ci ildə Avropa İttifaqının Praqada keçirilən sammitində Azərbaycanın ərazi bütövlüyünü tanımaqla rəvac verib. Rusiya xarici işlər naziri şikayətlənib ki, indi İrəvan Bakı ilə münasibətlərə Moskvanın “məşvərətçi” müdaxiləsini də rədd edir. Lavrov deyib ki, onlar eyni zamanda bu işə ABŞ-ı, Avropa İttifaqını, Parisi cəlb etməyə çalışırlar. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin avqustun 19-da Bakıya səfəri zamanı Azərbaycan-Ermənistan sülh danışıqlarında Rusiyanın köməyini təklif etmişdi. Bakıda prezident İlham Əliyevlə görüşdən bir gün sonra Putin bu məsələni Paşinyanla telefonda müzakirə etmişdi. Paşinyan isə həmin təklifə cavab olaraq bəyan edib ki, onun hökuməti üçüncü tərəfin vasitəçiləri olmadan Bakı ilə birbaşa danışıqlara üstünlük verir. Ehtimal etmək olar ki, İrəvanla Moskva arasındakı ziddiyyətlər getdikcə daha da dərinləşəcək. Proseslər göstərir ki, İrəvanla Moskva arasında münasibətlər yaxın zamanda düzəlməyəcək.  "Ana Ermənistan" hərəkatının lideri Andranik Tevanyan vurğulayır ki, İrəvanın yeni kursu Qərb ağalarının göstərişi ilə həyata keçirilir: “Rusiya ilə münasibətlər dəyişməyəcək, çünki Paşinyanın xarici siyasət vektoru dəyişir. Qərb ağaları ondan Rusiyanı Cənubi Qafqazdan, konkret olaraq Ermənistandan sıxışdırıb çıxarmağı - Gümrüdəki hərbi bazanı bağlamağı və ölkəni KTMT-dən çıxarmağı tələb edirlər. Qərb siyasətçiləri dağıdıcı kursa üstünlük verir və Nikol Paşinyan onların əmrlərini yerinə yetirir”. Burada əsas məqam həm də ondan ibarətdir ki, Rusiya ilə Qərb arasında postsovet coğrafiyasındakı gərginliklərin, geosiyasi rəqabətlərin müharibə ilə nəticələndiyi nümunələr var. Gürcüstan və Ukrayna bunun bariz nümunəsidir. Rusiyanın buna Ermənistanda da getməsi tamamilə gözləniləndir. Eləcə də Ermənistan daxilində hakimiyyət dəyişikliyi, qeyri-stabillik kimi hallar da gündəmə gələ bilər. Belə olan təqdirdə isə Azərbaycan-Ermənistan müzakirələrinin tamamilə dayanıb yeni şərtlərlə sıfırdan başlaması istisna deyil.   Hər halda, bu versiya istisna olunmur.

Ramil QULİYEV





Chosen
139
50
baki-xeber.com

10Sources