EN

Azərbaycanda bağça qəbulunun yüksək qiymətləri: İcma bağçaları modellərinin tətbiqinin TƏKLİFİ

Azərbaycanda yeni tədris ili ilə bağlı təhsildə ən aktual məsələlərdən biri də uşaq bağçalarına qəbul prosesidir.

Bunu Fins.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, Azərbaycanda hazırda 1825 bağça mövcuddur - bunlardan 1692-si dövlət, 133-ü isə özəl bağçadır, lakin ölkədə bağça yaşlı uşaqların sayı 450 minə yaxın olsa da, yalnız 126 mindən az uşaq bu bağçalardan istifadə edə bilir.

Ekspert bildirib ki, bu rəqəmlər, hər dörd uşaqdan yalnız birinin bağça imkanından yararlana bildiyini göstərir:

“Bağçaların məhdud sayı və qəbul prosesindəki çətinliklər hər il avqust ayının əvvəllərində daha da qabarır. Valideynlər bq.edu.az portalı vasitəsilə elektron müraciət edə bilsələr də, bu prosesdə texniki prosedurların mürəkkəbliyi bir çox valideynlər üçün çətinlik yaradır. Qəbul prosesi üç mərhələdən ibarətdir və texnoloji bilikləri məhdud olan valideynlər üçün bu mərhələlər ciddi əngəllər yaradır.

Ən böyük problemlərdən biri növbə yaratma mərhələsidir. Sistem yüklənmələr səbəbindən tez-tez çətinliklər yaradır və bu səbəbdən tez hərəkət edən valideynlər övladlarını bağçaya yerləşdirmə imkanını qazanır. Lakin texniki imkanları məhdud olan valideynlər bu mərhələdə geri qalır və nəticədə, bir çoxları övladını istədiyi bağçaya yerləşdirə bilmir. Valideynlər üç bağça seçir və bu seçimlər üçün növbə yaradılır. Seçilmiş boş yerlər sorğuya çevrilir və uşaq həmin bağçalardan birinə qəbul edilir, amma bu prosesin mürəkkəbliyi valideynlər üçün böyük bir əngələ çevrilir”.

E.Nuri qeyd edib ki, Azərbaycanda bağçaların sayının az olması və mövcud bağçaların qiymətlərinin yüksək olması da vəziyyəti daha da çətinləşdirir:

“Ölkədə bağça çatışmazlığına qarşı icma bağçaları modeli tətbiq edilməlidir. Məsələn, Qazaxıstan və Türkiyədə bu model xüsusilə ucqar ərazilərdə və az uşaq sayı olan kəndlərdə tətbiq olunur. Bu, Azərbaycanda da icma bağçalarının yaradılmasına təkan verə bilər və daha çox uşağın bağça imkanlarından yararlanmasına şərait yarada bilər. Bağçalarla bağlı problemlərin həlli üçün, ilk növbədə, texniki prosedurların sadələşdirilməsi vacibdir.

Eyni zamanda, icma bağçalarının yaradılması istiqamətində dövlət və özəl sektor səylərini artırmalıdır. Bağçaların sayının artırılması və qəbul prosesinin sadələşdirilməsi ilə 2024-cü tədris ili üçün bağça yaşlı uşaqların daha geniş şəkildə təhsil alma imkanına sahib olması mümkündür. Bu, həm uşaqların erkən yaşlardan etibarən keyfiyyətli təhsilə qoşulmasına, həm də ailələrin sosial rifahına müsbət təsir göstərəcək”.

Fuad Mədətov
Fins.az

Chosen
149
12
fins.az

10Sources