Artıq dünyanın aparıcı dövlətləri Zəngəzur dəhlizini qlobal nəqliyyat qovşağının vacib elementi kimi qəbul edirlər. Daha böyük həcmdə yüklərin daşınması üçün nəzərdə tutulan yola beynəlxalq maraq gündən-günə artır. Xüsusilə də dünya iqtisadiyyatında önəmli paya malik Çin Zəngəzur dəhlizi ideyasını dəstəkləyir.
Çin, Qırğızıstan və Özbəkistan arasında yaradılan dəmir yolu, "Bir kəmər, bir yol" layihəsi və ya Şimal-Cənub dəhlizi Zəngəzur yolunun da əhəmiyyətini artırır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin açılması təkcə iqtisadi maraqlara cavab vermir, həm də regional sülhə töhfə verəcək. Regional layihə kimi qəbul olunan bu dəhlizin qlobal əhəmiyyəti odur ki, bu kommunikasiya Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında yeni marşrut olacaq. Çin məhsullarının Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə və oradan da Avropa ölkələrinə çatdırılması layihəni qlobal əhəmiyyətli edəcək. Həm Türkiyənin, həm də Çinin nəqliyyat yollarını diversifikasiya etməklə asılılığı azaldacaq. Zəngəzur layihəsi Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu olduğu üçün, dəhlizin keçdiyi bütün ölkələr bundan yararlanacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Zəngəzur dəhlizinin açılması həm Türk dünyasının güclənməsində, həm də onların dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayacaq.
Zəngəzur dəhlizi ideyasına qarşı hazırda iki böyük maneə olduğunu deyən R.Alıyev əlavə edib: “Onlardan biri Ermənistan, digəri İrandır. Prinsipcə, İranın təzyiqləri olmasa, Ermənistanı bu məsələdə razılığa gətirmək mümkün görünür. Çünki dəhliz iqtisadi böhran içərisində yaşayan Ermənistan üçün sərfəli marşrutdur. Bunu ölkənin araşdırma mərkəzləri, fikir adamları yaxşı başa düşürlər. Sadəcə, revanşist qüvvələr Zəngəzur dəhlizinin açılmasını Nikol Paşinyan komandasının Azərbaycan dövləti qarşısında geri çəkilməsi kimi təqdim edir və bu kontekstdən çıxış edərək hakimiyyətə ciddi təzyiqlər göstərirlər. Həm daxili təzyiqlər, həm də İranın bəlli siyasi xətti hələlik layihənin icrasını tormozlayır. Düşünürəm ki, Rusiya, Çin kimi dövlətlərin təzyiqi, eləcə də ABŞ-ın prosesə ümumi dəstəyi sayəsində Zəngəzur dəhlizi reallaşa bilər. Doğrudur, ABŞ Zəngəzur dəhlizinin Rusiya, Çin və İran kənarda qalmaqla reallaşmasının tərəfdarıdır. Eyni zamanda, biz görürük ki, Ağ evin bu layihəyə müdaxilə etmək marağı o qədər böyük deyil”.
Politoloqun sözlərinə görə, avtomobil və dəmir yolu xətlərindən ibarət olacağı düşünülən Zəngəzur dəhlizinin qlobal əhəmiyyəti onun reallaşmasını mümkün edir: “Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars marşrutundan sonra Şərq-Qərb istiqamətində Cənubi Qafqazdan keçən ikinci qlobal yük daşıma olacaq. Çin-Mərkəzi Asiya-Rusiya-Azərbaycan-Ermənistan-Türkiyə-Qərbi Avropa dövlətlərinə qədər uzanacaq marşrutlar digər dövlətlər üçün də əlçatan olacaq. Cəmi 50 kilometr uzunluğu olan bu yol həm böyük tarixi, həm regional, həm də qlobal əhəmiyyətə malikdir. Ayrı-ayrı siyasi qüvvələrin cılız, şəxsi maraqları bu cür əhəmiyyətli marşrutun inşasına mane olmamalıdır. Yaxşı olardı ki, beynəlxalq güclər bu məsələdə layihənin icrasına problemlər yaradan tərəflərlə sıx danışıqlar aparsınlar və onlara təzyiq göstərsinlər. Ümid etmək olar ki, yaxın gələcəkdə biz Zəngəzur dəhlizi ilə bağlı müsbət irəliləyişlərin şahidi olacağıq”