EN

Pekin Vaşinqtonu daha sabit iqlim siyasəti yürütməyə çağırıb

Pekin

Bakı, 7 sentyabr, AZƏRTAC

Pekin Vaşinqtonu daha sabit iqlim siyasəti yürütməyə çağırıb. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, bu ölkənin xarici işlər naziri Van Yi cümə günü ABŞ-ın sabit iqlim siyasətinə və əməkdaşlığın artırılmasına ehtiyac olduğunu vurğulayıb.

Çinin naziri ABŞ Prezidenti Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta ilə görüşdə ikitərəfli iqlim müzakirələrində son irəliləyişə diqqət çəkib. O deyib: “Bu ilin əvvəlindən hər iki tərəfin iqlim dəyişikliyi qrupları sıx əlaqə saxlayıb və bir sıra praqmatik əməkdaşlıq nəticələrinə nail olublar”.

Van Yi ABŞ-ı qlobal çağırışların həlli istiqamətində apardığı siyasətin sabitliyini qorumağa, həmçinin proteksionizm və pansekuritizasiyadan çəkinməyə çağırıb. Nazir vurğulayıb ki, iqlim sahəsində əməkdaşlıq ABŞ-Çin münasibətlərinin ayrılmaz hissəsidir və dialoq iki xalqın liderləri arasında San-Fransisko sammitində əldə olunmuş konsensusun həyata keçirilməsi üçün çox vacibdir.

Podesta da iqlim dəyişikliyi sahəsində əməkdaşlığı ABŞ-Çin münasibətlərinin və qlobal çoxtərəfli səylərin əsas komponenti kimi qiymətləndirib və çinli nazirin fikirləri ilə razı olduğunu bildirib.

Van Yi Çinin yaşıl, aşağıkarbonlu inkişafa sadiqliyini bir daha təsdiqləyərək, Pekinin iqlim dəyişikliyi ilə bağlı müəyyən etdiyi siyasətləri mütləq həyata keçirəcəyini və qarşıya qoyduğu məqsədlərə nail olacağını vurğulayıb.

Chosen
197
16
azertag.az

10Sources