Azərbaycan U-21 millisinin üzvü Rüfət Əhmədov Avropa çempionatı seçmə mərhələsi çərçivəsində keçirilən Lüksemburq (0:2) və Serbiya (0:2) görüşləri barədə danışıb.
İdmanxeber.az saytına açıqlama verən müdafiəçi hər iki oyunda da yığmamızın xal qazanmağa layiq olduğunu bildirib. O, qarşılaşmaları belə şərh edib:
“İki matçda da uduzmağımıza səbəb komandalarımızda oynamamağımızdır. Əvvəl yerli oyunçular üçün limit var idi, cavanlara şans düşürdü. Hamı yığmaya daha yaxşı formada gəlirdi. İndi isə çox az uşaq komandasında oynayır. Düzdü, burada günah futbolçunun özündə də var. Rəqabətə girib formanı almalıdır. Amma məncə, günah təkcə oyunçuda deyil”.
Əhmədov Serbiya ilə matçda Nəriman Axundzadənin qaçırdığı penaltidən də danışıb:
“Penaltini dünya ulduzları da vura bilmir. Burada dəhşətli bir şey yoxdur. Amma qol olsaydı, oyun başqa cür olardı”.
Həsən Quluzadə