EN

Akademik Nizami Cəfərov: Türk dövlətləri ortaq türk əlifbasına istinad edərək öz əlifbalarını təsdiq edəcəklər 

Uzun müddətdir ortaq türk dili və ortaq türk əlifbası mövzusu həm akademik səviyyədə, həm də kütləvi tədbirlərdə müzakirə mövzusudur...

Müxtəlif illərdə bu barədə xüsusi məruzələrlə çıxış edən elm adamları problemlərin çıxış yolları barədə fikirlər səsləndiriblər. Ötən gün isə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının 34 hərfdən ibarət ortaq türk əlifbası təklifi ilə bağlı razılığa gəldiyinə dair məlumat yayıldı.

Bu prosesin təfərrüatı ilə bağlı cəmiyyət arasında bəzi suallar yarandığından məsələ ilə bağlı APA-ya açıqlama verən BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvü akademik Nizami Cəfərov əvvəlcə ortaq türk əlifbasının əhəmiyyəti barədə söhbət açıb:

“Ortaq türk əlifbasının latın əsasda yaradılması bir neçə ciddi səbəblərlə bağlıdır. Birincisi odur ki, latın əsaslı türk əlifbasına keçid dövrün reallığıdır. Türk xalqları dövlət müstəqilliyi qazanan ilk günlərdən bu istiqamətdə işlər gedir. Müstəqil dövləti olan türk xalqlarının çoxu artıq bu əlifbaya keçid edib. Bu prosesə Türk dünyası miqyasında inteqrasiya işi kimi yanaşılır. Bu gedişat isə TDT tərəfindən izlənilir. Ortaq türk əlifbasına keçidin başa çatması müstəqil dövlətləri olan türk xalqları miqyasında TDT-nin qarşısına qoyduğu vəzifədir. Amma burada bir məsələ var ki, gərək, türk dillərində bu əlifba ortaqlığı yalnız latın əlifbasına keçməklə bitməsin, həm də türk xalqlarının əlifbalarındakı səslərlə hərflər bir-birinə uyğun gəlsin. Yəni, bütün türk dillərində bir səsin, fonemin bir işarəsi olsun. Məsələn, indi özbəklər “ç” əvəzinə “ch”, “ş” əvəzinə “sh” birləşməsini işlədir. Bu kimi halların da qarşısını almaq lazımdır. Burda söhbət ortaq Türk dili yaratmaqdan getmir. Söhbət ortaq türk əlifbasından gedir ki, hər bir türk xalqı öz dilində məhz həmin əlifbada, həmin işarələrlə yazsın. Qəbul olunmuş ortaq türk əlifbasında 34 hərf var. Bu 34 hərf heç də bütün türk dillərində yoxdur. Amma hansı türk dili olur-olsun, öz işarələrini səslərinə uyğun olaraq məhz həmin ortaq əlifba bazasından almalıdır. Yəni, başqa bir yerdən götürülməməlidir ki, eyniyyət təşkil etsin. Baxın bu, türk mədəniyyəti inteqrasiyasının göstəricisidir. Əlifba yalnız mədəniyyət deyil, onun həm də dilə, təfəkkürə, insanların fəaliyyətinə böyük təsiri var.

İstənilən bir xalqı tanımağa başlayanda o xalqın dilinin səslənməsindən əvvəl yazısı ortaya çıxır. Türk xalqlarının ortaq keçmişi ilə yanaşı, həm də ortaq gələcəyini göstərməkdən ötəri əlifbanın ümumiliyi çox vacibdir. Bu, ümumi bir dil yaratmasa da, orfoqrafiyada, dilin mətnlərinin dərk olunmasında uyğunluqlar yaradacaq. Təbiidir ki, bütün qarşılıqlı əlaqələri gücləndirməklə yanaşı, hər bir türk dilinin müstəqilliyi qorunacaq”.

Akademik, eyni zamanda, ortaq türk əlifbasında əksini tapan bəzi hərflərin bütün türk xalqlarının əlifbaları üçün səciyyəvi olmamasına aydınlıq gətirib: “Sabah ortaq türk dili, ünsiyyət vasitəsi məsələsi yenidən aktuallaşa, ilk növbədə, yada Türkiyə türkcəsi düşür. Çünki Türkiyə türkcəsi neçə illərdir ortaq ünsiyyət funksiyasını bu və ya digər səviyyədə yerinə yetirir.

“X” səsi Türkiyə türkcəsində yoxdur, amma başqa dillərdə var. Ona görə də, ortaq türk əlifbasına daxil edilib. Amma Türkiyə türkləri həmin səsdən istifadə etməyəcəklər. Onlar düşünürlər ki, bu səsdən istifadə etmələri heç bir xüsusi əhəmiyyət kəsb etməyəcək, əlifbanı yükləmək lazım deyil. Yaxud, bilirik ki, Türkiyə türkcəsində “ə” səsi var. Amma onlar “ə” tələffüzünü “e”nin çaları kimi qəbul ediblər. Bizim əlifbamızda isə “ə” hərfi var və bu hərfi, səsi başqası ilə əvəzləyə bilmərik. İndi təqdim olunan ortaq türk əlifbasında da “ə” öz əksini tapıb. Məsələn, bu səs və hərf türkmən, özbək, qırğızlarda olmasa da, qazaxlarda var. Yəni, fərqi yoxdur, bir səs və onu işarə edən bir hərf hər hansı bir türk dilində varsa, o, ortaq əlifbaya düşəcək. Amma həmin hərfin ortaq əlifbaya düşməsi heç də onun bütün türk dilləri üçün məcburi olması demək deyil. Məsələn, həmin əlifbada elə səslər var ki, onlar Azərbaycan dilində yoxdur, başqalarında var. Söhbət yalnız müstəqil dövləti olan türk xalqlarının dillərindən gedir. Gələcəkdə başqa türk dilləri də bu prosesə qoşulanda daha müxtəlif səslər ortaya çıxacaq və həmin səslərin işarəsi ortaq əlifbada öz əksini tapacaq. Məsələn, ortaq əlifbada “sağır nun” səsinin işarəsi var. Bu hərf vaxtilə Azərbaycan əlifbasında olub, sonralar tamamilə doğru olaraq dilimizdən çıxarılıb. Çünki xalqımızın böyük bir hissəsi bu səsi tələffüz edə bilmir. Amma o qədər əhəmiyyətli olmasa da, bu səsin fonoloji yeri var. Bu hərf də ümumi əlifbada öz əksini tapır. Yəni, ortaq türk əlifbası bütün türk dilləri üçün nümunəvi baza olan işarələr sistemidir. Yəni, lazım olan işarə üçün bu əlifbaya istinad edəcəyik, başqa bir təsirə ehtiyac qalmayacaq”.

Ortaq türk əlifbasında diqqət çəkən məqamlardan biri də hərflərin qarşısında mötərizədə kiril hərflərinin yazılması olub. Nizami Cəfərov bildirib ki, Sovet İttifaqının tabeliyində yaşayan və əlifbası kiril qrafikasına əsaslanan türk xalqlarına izah etmək üçün bu vasitədən istifadə edilib:

“Ortaq türk əlifbasında kiril mənşəli işarə yoxdur. Bəzən deyirlər ki, dilimizdəki “ə” kirildəki “e” hərfinin çevrilməsidir. Amma “e” latın qrafikasına məxsusdur. Azərbaycanda kiril əlifbasına keçməmişdən əvvəl də “e” mövcud olub. Biz ortaq türk əlifbası üçün kiril qrafikasından heç nə götürməmişik. Latın əsaslı ortaq türk əlifbasındakı hərflərin qarşısında kiril qarşılığının yazılması məsələsinə gəldikdə isə, onu deyim ki, kiril əlifbası, vaxtilə, Sovet İttifaqının tabeliyində yaşayan türk xalqları üçün sonuncu əlifba olub. Onlar uzun müddət bu əlifbadan istifadə etdiklərinə görə, səslərin qarşılığı kimi beyinlərində kiril əlifbasının işarələri var. Odur ki, həmin xalqlara izah etmək üçün bu vasitədən istifadə edilib. Yəni, indiyə qədər istifadə etdiyiniz hərflərin hansı işarələrlə əvəzlənməsi sırf praktik məqsədlərdən irəli gəlir, heç bir təhlükəsi yoxdur. Gələcəkdə beynəlxalq transkripsiya hazırlanacaq. Həmin transkripsiyada hərflərin bir-birinə müvafiqliyi göstəriləcək. Bununla xüsusi mütəxəssislər məşğul olurlar. Bu daha çox akademik məsələdir deyə, cəmiyyət üçün elə də əhəmiyyət kəsb etmir. Yəni, bu, çaşqınlıq yaratmamalıdır, kiril qarşılığı həmin xalqların yaxşı anlaması üçün qeyd olunmuş vasitədir”.

Nizami Cəfərov onu da vurğulayıb ki, ortaq türk əlifbası əksər türk dövlətlərinin əlifbası ilə uzlaşdığından ciddi dəyişikliklər olmayacaq: “Bu prosesdə mürəkkəb heç bir şey yoxdur. Artıq Türkiyədə, Azərbaycanda, Özbəkistanda, Türkmənistanda bu əlifba öyrədilir, tədris olunur. Türk dövlətlərində istifadə edilən əlifbalarla bizim təqdim etdiyimiz ortaq türk dili əlifbasında ciddi fərq yoxdur. Beynəlxalq Türk Akademiyasının, Türk Dil Qurumunun rəhbərliyi ilə hazırlanmış ortaq əlifba TDT-nin katibliyində nəzərdən keçiriləcək və hansı türk dövlətinin əlifbasında ortaq türk əlifbası ilə xırda fərq varsa, həmən fərq aradan qaldırılacaq, hər bir türk dövləti bu ümumtürk əlifba bazasına istinad edərək öz əlifbasını təsdiq edəcək. Burda da çox ciddi problem yoxdur. Ən böyük problem odur ki, görək, qazaxlar, qırğızlar nə vaxt latın əlifbasına keçəcəklər. Digər müstəqil türk dövlətinin əlifbasında belə problem yoxdur. Bir-iki işarə dəyişiklikləri ola bilər”.

Poliqon.info

Chosen
47
1
poliqon.info

2Sources