EN

Makler evlərinin tikintisi zamanı təhlükəsizlik qaydalarına əməl olunur?

Son illər Bakıda maklerlər tərəfindən tikilən evlərin sayı artır. Bu evlərin qiymətləri digərlərinə nisbətən daha münasib olduğundan vətəndaş bu tikililərə üstünlük verir.

Bəs bu evlər keyfiyyətli və etibarlıdır? Makler evlərinin tikintisi zamanı təhlükəsizlik qaydalarına əməl olunur? Bədbəxt hadisə baş verərsə kim məsuliyyət daşıyır?

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elnur Azadov “Operativ Media”ya bildirib ki, “makler” evləri nəzarət mexanizmi zəif olan, və ya heç olmayan ərazilərdə inşa edilir:

“Daşınmaz əmlakın bahalaşması adekvat hallara gətirib çıxarıb. Bundan da sui-istifadə edən işbazlar da var. Bunların ən birincisi maklerlərdir. Çıxarışla təminatlı evlərin qiyməti çox baha olduğu üçün, makler evlərinə təlabat artır. Son illər aşağı gəlirli vətəndaşlar, xüsusi ilə rayon əhalisi Bakı və Bakı ətrafı ərazilərə axın edir. Makler evləri daha çox Bakıda və Abşeronda inşa edilir. İndiki dövrdə qanunsuz şəkildə, müxtəlif formada inşa olunmuş fərdi həyət evlərinin sayı artıb. Xüsusi ilə makler evləri nəzarət mexanizmi zəif olan, və ya heç olmayan ərazilərdə kütləvi şəkildə inşa edilir. Çox təəssüf olsun ki, bu evlərin tikintisi hələ də davam edir”.

Ekspert maklerlərin evin maksimum ucuz başa gəlməsi üçün hər şeyi etdiklərini bildirib:

“2023-cü il oktyabrın 1-dən çıxarışla təmin olunmamış evlərə kommunikasiya xətlərinin çəkilməsi(yol, körpü, elektrik, işıq, qaz, kanalizasiya və s.) qadağan olunub. Amma buna baxmayaraq maklerlər tikdiyi evlərini müxtəlif yollar vasitəsi ilə kommunikasiya xətlərinə qoşmağa çalışır.

Bu evlərdə ən böyük problem qanunsuz tikilməsidir. Makler torpaq alır və qanunsuz şəkildə tikinti işləri aparır. Bu evlərinin düzgün bünövəsi qazılmır. Evlərin əksəriyyəti tək daşla və torpaq üzərində tikilir. Çoxunun zirzəmiləri və kanalizasiya xətləri olmur. Evlər bir-birinə çox yaxın inşa edilir. Həyətləri isə bir maşının yerləşə biləcəyi qədər olur ya olmur. Bir sözlə makler evin maksimum ucuz başa gəlməsi üçün hər şeyi edir”.

E.Azadov bildirib ki, makler evlərinin tikilişi zamanı yanğın təhlükəsizliyi qaydalarına da riayət olunmur:

“Makler evləri bir-birinə çox yaxın olduğundan müəyyən hadisə zamanı bir neçə evə ziyan dəyir. Yanğın hadisəsi zamanı, alovlar qısa müddət ərzində bir evdən, digərinə keçir. Bu isə yanğının daha geniş əraziyə yayılmasına səbəb olur.

Bu evlərdə yanğın təhlükəsizliyi təmin olunmayıb. Evlərinin inşaat normativləri buna yol vermir. Evlər ya hasara, ya da digər evə bitişik inşa edilir. Ona görə də bədbəxt hadisələr zamanı daha ciddi fəsadlar yaranır. Hətta çox vaxt yanğınsöndürən maşınların bu evlərin olduğu dar küçələrə girməsi belə mümkün olmur”.

Hüquqşünas Ruslan Vəliyev təhlükəsizlik qaydalarına əməl etməyən şəxslərin məsuliyyətə cəlb edildiyini bildirib:

“Bu məsələlər Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi ilə tənzimlənir. Bir sıra normativlər var ki, evlər və binalar arasındakı ara məsafəni tənzimləyir. Hər bir şəxs tikinti işlərinə başlayanda həmin qaydalara riayət etməldir. Əgər bu qaydalara əməl olunmursa, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi həmin şəxslər barəsində müvafiq tədbirlər görür. Bu zaman tikinti dayandırıla və həmin şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Hətta FHN-nin həmin tikilinin sökülməsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti var.

Əgər makler və başqa bir şəxs qanundan kənar bu işlərlə məşğuldursa məsuliyyət daşıyır. Gələcəkdə həmin əmlakların çıxarışla təmin olunmasında problem yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti çıxarış verən zaman komissiya heyəti  tərəfindən ev araşdırılır.  Əgər evdə həmin qaydalar pozulubsa, reyestr xidməti çıxarışı verməkdən imtina edir”.

Hüquqşünas Əlövsət Allahverdiyev yanğın təhlükəsizliyinə əməl edilmədiyi üçün bir sıra binalara FHN tərəfindən rəy verilmədiyini bildirib:

“Əgər bu evlərdə yanğın baş verərsə ilk növbədə evin hansı formada tikildiyi araşdırılır. Bu evin tikintisinə icazə verən şəx məsuliyyət daşıyır. Bundan sonra məsuliyyət maklerin üzərinə qoyula bilər. Evlər arasında ara məsafə olmalıdır. İndi nəinki makler tərəfindən tikilən evlərdə, çoxmərtəbli yaşayış binalarında da ara məsafəsi demək olar ki yoxdur. Elə buna görə də yanğın asanlıqla bir evdən digərinə keçə bilir. 

FHN dəfələrlə bildirib ki, bu normalara riayət etmək lazımdır. Bir sıra çoxmərtəbəli yaşayış binalarına FHN rəy vermir. Sahibkarlar o rəyi ala bilmirlər. Ona görə ki, bu evlərin tikilişi yanğın təhlükəsizlik qaydalarına uyğun olaraq həyata keçirilməyib”.

Fövqaladə Hallar Nazirliyindən "Operativ Media"ya bildirilib ki, binalar arasında ara məsəfasi Azərbaycan Respublikası Dövlət Tikinti normalarının 2.6-1 -ci maddəsi “şəhər,qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Dövlət şəhərsalma norma və qaydaları ilə tənzimlənir. 

Chosen
86
operativmedia.az

1Sources