"Çalışmalıyıq ki, bu məsələdən mütləq bir çıxış yolu tapaq" — AÇIQLAMA
Son zamanlar tıxac əlindən Bakıda hərəkət etmək olmur. Baxmayaraq ki, bunun aradan qaldırılması üçün bir çox tədbirlər görülüb, avtobus, velosiped zolaqları çəkilib, yenə də məsələ öz həllini tapmayıb.
Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, hələ dərs ili başlamayıb, ondan sonra bu məsələ daha da ciddi şəkil alacaq:
“İnsanlar bu problemləri bir neçə gün sonra daha çox yaşayacaq. Hesab edirəm ki, bu məsələdə onların da üzərinə böyük məsuliyyət düşür. İnsanlar ehtiyac olmadığı təqdirdə avtomobildən istifadə etməməlidirlər. Daha çox ictimai nəqliyyata üstünlük verməlidirlər. Məsələnin reallığı ondan ibarətdir ki, bu gün hər ailədə bir neçə maşın var. İnsanlar lazım oldu-olmadı avtomobildən istifadə edirlər. Bu məsələdə kompleks yanaşma olmalıdır. Kompleks yanaşma olmadan nəyəsə nail olmaq və əldə etmək qeyri-mümkündür. Bu problem həqiqətən çox ciddi bir məsələyə çevrilib. Çalışmalıyıq ki, bu məsələdən mütləq bir çıxış yolu tapaq. Əks halda, bu çox çətin və ağrılı bir proses olaraq davam edəcək”.
Mehriban Mirzəzadə
Demokrat.az