EN

Sovet marşalına “qatilsən” deyən, birinci katibi kabinetində söyən bəstəkar Arif Məlikovun anadan olmasından 91 il ötür

Arif Məlikovun yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq səhifələrindən birini təşkil edir. Sənətkarın hər yeni əsəri həm ölkəmizdə, həm də onun hüdudlarından qat-qat uzaqlarda əks-səda tapıb, maraqla qarşılanıb. Əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş ənənələri davam və inkişaf etdirən, Q.Qarayevin yaradıcı prinsiplərindən, D.Şostakoviçin və dünya musiqisinin qabaqcıl nümayəndələrinin ən yaxşı keyfiyyətlərindən bəhrələnən A.Məlikov fərdi yaradıcılıq üslubunu yaradıb.



Müstəqil Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Arif Məlikovun anadan olmasından 91 il ötür.



1933-cü il sentyabrın 13-də Bakıda anadan olan sənətkar, öz simfoniyaları ilə XX əsrin sonu — XXI əsrin əvvəlində milli simfonik musiqimizin əsas inkişaf istiqamətini müəyyən etmiş, bu sahədə aparıcı rol oynamış bəstəkardır. Sənətdə ilk addımlarından o, musiqi aləmində bir ulduz kimi parlayıb, sahibi olduğu fitri istedadını sonrakı illərdə cilalayıb kamilləşdirdiyi peşəkarlığı ilə tamamlayaraq yeni zirvələrə yüksəlib.



Unudulmaz sənətkar belə möhtəşəm əsərləri — “Metamorfozlar”, Nazim Hikmətin sözlərinə 2 vokal silsilə, xalq çalğı alətləri orkestri üçün əsərlər, 7 nömrəli simfoniya, “Azərbaycan” balladası, 8 nömrəli simfoniya və digər teatr tamaşalarına yazdığı musiqiləri ilə çoxdan əbədiyaşarlıq qazanıb.



A.Məlikov, eyni zamanda, ən gözəl Azərbaycan filmlərinə musiqi yazmış bəstəkardır. Onların sırasında “Sehrli xalat”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və başqalarını xüsusi qeyd etmək olar.



Görkəmli bəstəkarın xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan, sevilən əsərləri eyni həyəcan və coşqu ilə dünyanın bir çox ölkəsində dinlənilir, səhnələşdirilir. Arif Məlikov musiqisi ilə Azərbaycan musiqi sənəti dünya ölkələrində təmsil olunaraq rəğbət qazanır. Buna misal olaraq bəstəkarın hələ gənc yaşlarında yazdığı, dünyanın 60-dan çox ölkəsinin səhnələrini gəzən “Məhəbbət əfsanəsi” baletini göstərmək olar.



Məşhur bəstəkar Dmitri Şostakoviç “Məhəbbət əfsanəsi” baleti haqqında dəyərli fikirlər söyləyərək deyib: “Arif Məlikov istedadlı bəstəkardır. Musiqisi əsl professionaldır. Onun əsərində dərin musiqi dramaturgiyası, daxili inkişaf, dəqiqlik, qəhrəmanların xarakterini yüksək səviyyədə ifadə etmək məziyyətləri vardır. Orkestrin idarə edilməsində Arif Məlikovun nadir istedadı musiqiyə rəngarənglik və tamaşaçılara məftunluq gətirib”.



Əgər iri janrlarda bəstəkar alovlu bir natiq kimi geniş kütlələrə, milyonlara müraciət edərək ümumbəşəri problemlərdən, hamımızı narahat edən həyat məsələlərindən söz açırsa, miniatür əsərlərində — romanslar, fortepiano pyeslərində o, qəlbinin dərinliklərində gizlədiyi ən məhrəm duyğuları, lirik düşüncələri ilə dinləyicilərin ürəyinə yol tapır.



XX əsrin məktəblərinə, cərəyan və təmayüllərinə gözəl bələd olan, müasir kompozisiya texnikasına mükəmməl yiyələnən bəstəkar ən yeni yazı üsullarından sərbəst istifadə edir. Lakin müəllimi Qara Qarayev kimi, o da əvvəla, ən yeni vasitələrin məqsədə çevrilməsinə heç vaxt yol vermir, ikincisi isə heç vaxt möhkəm milli zəmindən, xalq musiqisinin sağlam köklərindən, həmişəyaşar qaynaqlardan ayrılmır. Vaxtilə təhsilini Asəf Zeynallı adına məktəbin xalq çalğı alətləri şöbəsindən başlayan, Əhməd Bakıxanov, Mansur Mansurov kimi sənətkarlardan tar ifaçılığının sirlərini öyrənən, öz barmaqlarını tara toxunduraraq muğamların, xalq musiqisi nümunələrinin cövhərini qəlbinə hopduran A.Məlikov bəstəkar kimi püxtələşib yetişdikdən sonra öz əsərlərində bu milli musiqi incilərinə yeni həyat verib.



Onun bir bəstəkar kimi qazandığı nailiyyətlər özlüyündə təkcə musiqimizdə deyil, ümumilikdə, milli-mədəni tərəqqi naminə göstərilən xidmətlər hesab edilməlidir.



A.Məlikov həm də təcrübəli müəllim kimi böyük nüfuz sahibi idi. Onun sinfində təhsil alan onlarla istedadlı gənc bəstəkar öz müəllimindən sənətin sirlərini, kompozisiyanın əsaslarını öyrənməklə yanaşı, bəlkə bundan daha vacib olan keyfiyyətləri — Vətənə, xalqa məhəbbət hissini, milli-mənəvi sərvətləri göz bəbəyi kimi qorumaq, klassik ənənələrimizi yaşadıb inkişaf etdirmək məsuliyyətini də əxz edib, onun himayəsi altında böyük həyat məktəbi keçib.



Böyük bəstəkar həm də bir vətəndaş kimi Azərbaycanımızın bütün çətin məqamlarında sözünü deməyi, vətəndaşlıq mövqeyini ortaya qoymağı bacarıb. Xalqımızın ağır günündə o, qələmə sarılaraq 20 Yanvar faciəsini əks etdirən “İttiham edirəm” kitabını yazıb. Kitabda bu hadisələrdə təqsiri olan insanları cəsarətlə ifşa edərək, xalqımızın ağrı-acılarını dünyaya çatdırıb.



Türk şair və dramaturqu Nazim Hikmətlə Arif Məlikov dost olublar. İllər bu dostluğu ata-oğul münasibətinə qədər gətirib çıxarıb. Bakıya yolu düşəndə hamı onu öz evinə dəvət edirdi. Nazim Hikmət isə «öncə oğluma dəyməliyəm» deyərmiş.



***



Professor İhsan Doğramacı Arif Məlikovdan bir simfoniya yazmasını xahiş edir. Arif Məlikov onun xahişini yerinə yetirə biləcəyini bildirir. Lakin ardınca əlavə edir: «Təəssüf ki, Türkiyədə mənim yazacağım simfoniyanın təqdim oluna biləcəyi səhnə yoxdur.» İhsan Doğramacı yazacağı simfoniyanın şərəfinə xüsusi konsert salonu tikdirəcəyinə söz verir. Bəstəkar iki ilə «Yeddinci simfoniya»nı bitirir, İhsan Doğramacı isə söz verdiyi konsert salonunu başa çatdırır.







«Məhəbbət əfsanəsi» baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru Niyazi (bəstəkarın təkidi ilə — red.) olub. Daha sonra tamaşanın Novosibirskdə təqdimatı keçirilib. 1962-ci ilin iyulunda isə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası olub. Əsər dünyanın bir çox ölkələrini gəzsə də, Azərbaycan səhnəsində yenidən nümayiş olunmayıb. Deyilənə görə, buna səbəb keçmiş mədəniyyət naziri Polad Bülbüloğlu ilə Arif Məlikov arasındakı küsülülük olub. «Məhəbbət əfsanəsi» bir də Bakı səhnəsinə 2020-ci ilin yanvar ayında qayıdıb.



***



«Məhəbbət əfsanəsi» baletinin 60-dan çox ölkədə premyerası keçirilib. Balet bəstəkara dünya şöhrəti gətirib və hər yerdə tanıdıb.







Bundan sonra görkəmli bəstəkar «İki qəlbin poeması», «Yer üzündə iki nəfər», «İki ürək dastanı», «Əlibaba və qırx quldur»,»Yusif və Züleyxa» baletlərini və simfonik orkestrlər yazır.



***



Arif Məlikov «Axırıncı aşırım», «Sehrli xalat», «Qərib cinlər diyarında», «Ulduzlar sönmür», «İşarəni dənizdən gözləyin» kimi 30-a yaxın filmə musiqi bəstələyib.



Bəstəkar mahnı janrında da çox gözəl musiqilər bəstələyib. Günlərin birində Akif İslamzadə onun yanına gəlib gileylənir, bildirir ki, ona efir qadağası qoyulub. Arif müəllim əvvəlcə inanmır, sonradan bunun doğru olduğunu biləndə məyus olur. Tez şair dostlarından birinə zəng vurub ondan beş-altı yaxşı mahnı mətni göndərməsini xahiş edir. Qısa müddətdə həmin mətnlərdən birinə bəstə yazıb radio rəhbərinin yanına gedir. Deyir, mahnı yazmışam. O da xeyli sevinib deyir, Arif müəllim, siz də mahnı yazmısız? Lakin bir az keçəndən sonra sədr mahnının Akif İslamzadə tərəfindən ifa olunacağını öyrənir və bəstəkara Akifin efirə çıxmasının qadağan edildiyini deyir. Arif müəllim əsəbiləşib ona belə cavab verir: «Adə, müğənniyə də yasaq?!» Bu sözdən sonra sədrin tapşırığı ilə Akif İslamzadəyə qoyulan qadağa aradan götürülür.



Misirdə «Məhəbbət əfsanəsi» əsərinin premyerası gedir, amma Arif Məlikovu Azərbaycandan buraxmırlar. Bəstəkar sözlərinə görə, o, möhkəm əsəbiləşir, gedir birbaşa ovaxtkı Mərkəzi Komitədə katibinin yanına və deyir: «Tüpürürəm sənə! Ona görə ki, respublikaya sən rəhbərlik edirsən, cavan bəstəkarlar ayağa yeni qalxan kimi boğursan!» Katib bütün işçiləri çağırıb onlara tapşırıq verir ki, bəstəkarın gediş-gəlişi üçün heç bir maneə olmasın.



***



Xalq artisti məşhur türk aktrisası Türkan Şoray ilə yaxın dost olub. O, Türkiyəyə getdiyi zaman mütləq aktrisa ilə görüşər, onun evində qonaq olarmış. Müsahibələrinin birində bəstəkar deyir: «Hər zaman Türkiyəyə gedəndə onunla görüşürük. Özü insanlarla görüşməyi çox sevir, mehriban insandır. Deyim ki, arada içməyə də getmişik. Orada yüngül şərab içməyə normal baxırlar. Türkan xanımla bizim fotomuz çoxdur. Evində, tamaşalarda, iş zamanı birlikdə olmuşuq. O, çox gözəl qadındır. Atası da bəstəkar olub».







1990-cı il 20 Yanvar hadisələrindən sonra Ali Sovetin deputatı olan Arif Məlikov SSRİ Ali Sovetinin tribunasına çıxaraq, marşal Yazova «Sən qatilsən!» deyir. Sonralar bəstəkar o günləri belə xatırlayır: «Mən Qorbaçova da çox söz demişəm. Dünyanın çox ölkələrində əsərlərim tamaşaya qoyulurdu, o cümlədən Rusiyanın da böyük teatrlarında. Yəqin ona görə məni öldürə bilmədilər. Tanıdığım adamlar arasında elələri olub ki, kabinetində anasını da söymüşəm, özünü də. Mərkəzi Komitənin katibi olmasından belə qorxmamışam».



***



Arif Məlikov 1994-cü ildə bu hadisələrdən bəhs edən «Mən ittiham edirəm» adlı kitab da yazıb.



***



Sovet quruluşu dağılanda deputatlıqdan imtina etmədiyi üçün azərbaycanlılardan ibarət bir qrup gənc onu bıçaqlayır. Hadisəni bəstəkarın belə nəql edir: «Mənə dedilər, deputatlıqdan imtina elə. Dedim, axı niyə? Dedilər, biz onlarla qurtardıq. Dedim, biz də onlarla qurtarmışıq. Amma SSRİ Ali Soveti fikirlərimizi deməyə şərait yaradır. Gənc oğlanın biri dedi ki, yox, biz belə istəyirik. Dedim, yekə oğlansan, demaqoqluq eləmə, get işinlə məşğul ol. Elə bu sözü demişdim ki, arxada dayanan gəncin biri döş qəfəsimin altına bıçaq soxdu. Bir də gördüm, ağ köynək qan içindədir. Barmağımı üstünə qoyub yavaş-yavaş aşağıda yerləşən poliklinikaya düşdüm. Nə isə, yaranı təmizlədilər. İndi də həmin bıçaq hadisəsindən bədənimdə nazik iz qalıb.»







Heydər Əliyev Arif Məlikovun yaradıcılığını çox sevirmiş. 1994-cü ildə onu özü ilə birlikdə Məkkə ziyarətinə aparıb. Arif Məlikov danışır ki, ziyarət zamanı Heydər Əliyev mənə dedi: «Arif, bilirsən səni bura niyə gətirmişəm? İstəyirəm ki, sən buraları da görəsən və bunun təsiri altında bir simfonik əsər yazasan. İnanmıram ki, adi adam Məkkədə simfonik musiqi haqqında fikirləşə bilsin. Simfonik əsər yazan mənəmsə, orada mən belə şeylər fikirləşmirdim. Çünki Məkkə, Mədinə hara, Quran hara, böyük simfonik əsər hara?! Bunlar bir-birinə uyuşmayan, üst-üstə düşməyən, tamamilə əks məsələlərdir. Amma böyük şəxsiyyət hiss edirdi ki, məhz oradan qidalanıb dəyərli simfonik əsər yazmaq mümkündür. Mən 8-ci simfoniyanı Heydər Əliyevlə müqəddəs ziyarətə həsr etdim».



***



Arif Məlikov 1979-cu ildə professor adına layiq görülüb. 1982-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyib. 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2012-ci ildən Xəzər Universitetinin fəxri doktoru olub.



***Bəstəkar 9 may 2019-cu ildə 86 yaşında vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
4
ictimaimedia.az

6Sources