EN

Yasamalda “Tələbə adın mübarək” adlı rayon toplantısı keçirilib

2023-2024-cü tədris ilində Yasamal rayon sakinlərindən ali təhsil müəssisələrinə qəbulda 650 və daha çox bal toplan məzunlarla görüş keçirilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini RİH-in vəzifəli şəxsləri, tam orta məktəblərin direktorları, yüksək nailiyyətlər göstərərək tələbə adını qazanan gənclər və onların valideynləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova vurğuladı ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Ulu Öndər də deyirdi “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. 

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirdi ki, əvvəlki illərdə olduğu kimi 2023-2024-cü tədris ili də Yasamal rayonu üçün uğurlu olub. İcra başçısı qeyd etdi ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, ölkə başçısının bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir. Bildirildi ki, Ümummilli liderimiz Heydər Əliyev təhsilə hər zaman çox böyük önəm verib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanına rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkədə beş yeni ali təhsil müəssisəsi açıldı və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artdı. Bizim gənclər o zaman SSRİ-nin aparıcı ali məktəblərinə göndərilirdi. Bu siyasət bu gün də cənab Prezidentin rəhbərliyi ilə davam edir və bizim gənclər dövlət hesabına xarici universitetlərə göndərilir.

Daha sonra çıxış edən Nərminə Hüseynova gəncləri təbrik edərək bildirib ki, Azərbaycanın təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır. Gənc nəslə xüsusi diqqət göstərilir, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakı üçün geniş imkanlar yaradılır. 

Sonda ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış gənclər, onların valideynləri və müəllimləri çıxış edərək, yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısına öz təşəkkürlərini bildirdilər.







Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
2
qafqazinfo.az

3Sources