Kamran Əsədov: “Müəllimlərin iş yerlərini qarşılıqlı dəyişməsi prosesinin “biznesə çevrilməsi” ciddi bir problemdir”
Son günlər sosial şəbəkələrdə bəzi şəxslərin müəllimlərin yerdəyişməsi prosesini “biznes”ə çevirməsi ilə bağlı məlumatlar yayılır. Məlumatda qeyd edilir ki, müəllimlər iş yerini “hörmət” müqabilində dəyişirlər.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir.
Ancaq son günlər sosial şəbəkələrdə bəzi müəllimlərin yerdəyişmə prosesi zamanı pul təklif, yaxud tələb etməsi halları ilə qarşılaşırıq. Bu isə yerdəyişmə prosesinin bir növ “biznes”ə çevrilməsi ilə bağlı müzakirələrə səbəb olub.
“Yerdəyişmə prosesinin biznesə çevrilməsi və maddi maraqların bu məsələdə ön plana çıxması təhsil sistemində dərin mənfi təsirə malikdir”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dövlət orta ümumtəhsil məktəblərində müəllimlərin iş yerlərini qarşılıqlı dəyişməsi prosesinin “biznesə çevrilməsi” ciddi bir problemdir: “Bu cür hallar təhsildə korrupsiya və qeyri-şəffaflığın artmasına səbəb olur və müəllimlərin peşəkar imicinə ciddi ziyan vurur. Bu cür hallar təhsildə korrupsiyanın dərinləşməsinə səbəb olur və təhsil sisteminin şəffaflığını və ictimai etimadını azaldır. Yerdəyişmə prosesində maddi maraqlar önə çıxdıqda, doğru bacarıq və keyfiyyətə malik olmayan müəllimlərin daha yaxşı yerlərə yerləşdirilməsi tədris keyfiyyətini aşağı sala bilər”.
Ekspert hesab edir ki, müəllimlərin yerdəyişmə prosesi tamamilə şəffaf və ədalətli şəkildə aparılmalıdır. Elektron yerdəyişmə sistemləri tətbiq edilməlidir. Bu prosesin müdaxiləsiz həyata keçirilməsi təmin oluna bilər: “Yerdəyişmə prosesinin biznesə çevrilməsi və maddi maraqların bu məsələdə ön plana çıxması təhsil sistemində dərin mənfi təsirə malikdir. Müəllimlərin peşəkarlığını və təhsil sisteminin şəffaflığını qorumaq üçün bu cür halların qarşısının alınması, şəffaf prosedurların təmin edilməsi və korrupsiyaya qarşı ciddi tədbirlərin görülməsi vacibdir. Təhsil cəmiyyətin inkişafında əsas rol oynayan bir sahədir və bu sahədə ədalət, şəffaflıq və etika qorunmalıdır”.
Günel CƏLİLOVA