EN

ABŞ Nyu-Yorkda nazirlərin görüşünü təşkil etməyə hazırdır – Dövlət Departamentindən açıqlama

“Vaşinqton həmişə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş üçün imkanlar axtarır”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı dövlət katibi Entoni Blinkenin Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparmasını şərh edərkən deyib. Xarici işlər nazirlərinin Nyu-Yorkda növbəti görüşünün mümkünlüyü barədə suala cavabında Miller bildirib ki, ABŞ buna hazırdır.

Miller vurğulayıb ki, Vaşinqton Bakı və İrəvanın sabit və ləyaqətli sülh razılaşmasına nail olmaq səylərini dəstəkləməkdə davam edir.

“Onlar sülh sazişinin yekunlaşdırılması istiqamətində mühüm irəliləyiş əldə ediblər və biz tərəfləri mümkün olan hər şəkildə dəstəkləməyə, o cümlədən faydalı olarsa, görüşün təşkil olunmasına hazırıq”, - Miller bildirib.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Entoni Blinkenin İlham Əliyevə zəngi Vaşinqtonun Bakı ilə İrəvan arasında sülh sazişinin qısa müddətdə, lap elə bu aylarda imzalanması marağından irəli gəlir. “Blinken tərəflər arasında növbəti görüş təşkil etməyi planlaşdırır. Blinken Nyu-Yorkda işə başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyasının növbəti günlərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək istəyir. O, oxşar görüşü ötən il də BMT sessiyası çərçivəsində təşkil etmişdi”, - ekspert əlavə edib.

Təhlilçi qeyd edib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin avqust ayında Azərbaycana səfərindən sonra Moskvanın Zəngəzur dəhlizinə artan marağından narahat olub. Onun sözlərinə görə, Vaşinqton da bu dəhlizi dəstəkləyir, sadəcə nəqliyyat yolunun Rusiyanın nəzarətində olmasını istəmir: “Rusiya hərbçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsi Azərbaycanla Ermənistanın da maraqlarına cavab vermir. Bütün hallarda Vaşinqton qısa müddətdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyirsə, İrəvanı konstitusiyada zəruri dəyişiklik etməyə inandırmalıdır. Bu Baş nazir Nikol Paşinyan üçün çətin addım olmamalıdır”.

Xatırladaq ki, Bakı və İrəvan sülh sazişinin təxminən 80 faizində ortaq məxrəcə gəlib çatdıqlarını bəyan ediblər. Bu günlərdə İrəvanda keçirilən “İrəvan dialoqu” konfransı zamanı Baş nazir Nikol Paşinyan sülh müqaviləsinin hazırda razılaşdırılmış mətnini imzalamağa və razılaşdırılmamış məsələləri gələcəyə buraxmağa hazır olduğunu təsdiqləyib. Bakı Paşinyanın bu təklifini rədd edib. Azərbaycan Ermənistan konstitusiyasına dəyişiklik edilərək ərazi iddialarının çıxarılmasını sazişin imzalanması üçün ilkin şərt hesab edir.

Rasim Əliyev

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
3
azpolitika.info

9Sources