İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Özbəkistan Prezidentinin müşavirinin müavini, İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Tədbirdə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin artırılması müzakirə edilib. Bu barədə XQ-yə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanmış iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında müqavilə ilə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Ötən il Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcminin 180 milyon ABŞ dollarına yaxın olduğunu, cari ilin ilk beş ayında isə həmin göstəricinin 70 milyon dollara çatdığını xatırladan icraçı direktor bu rəqəmləri daha da artırmaq, mövcud potensialı reallaşdırmaq üçün qarşılıqlı təmasların, müxtəlif formatlarda görüşlərin keçirilməsinin zəruriliyini vurğulayıb.
V. Qasımlı energetika sahəsində əməkdaşlıq, xüsusilə, Mərkəzi Asiyadan Avropaya elektrik enerjisinin ixracı bağlı qarşıda duran hədəflərdən söz açaraq bu istiqamətdə əsas prioritetləri diqqətə çatdırıb. O, həmçinin İİTKM ilə Özbəkistanın İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzi arasında 2021-ci ildə imzalanmış Memorandumu xatırladaraq həmin sənəd çərçivəsində son illər həyata keçirilmiş mühüm layihələri vurğulayıb.
O.Hakimov isə Azərbaycanın nail olduğu dinamik iqtisadi inkişafı yüksək qiymətləndirib, bu məqsədlə İİTKM ilə əməkdaşlığın vacibliyini və Özbəkistanın sosial-iqtisadi inkişafına dəstək verən təcrübələrin öyrənilməsində maraqlı olduqlarını qeyd edib. O, iki ölkə arasında ticarət, investisiya, strateji tərəfdaşlıq sahələrində əlaqələrin mühüm əhəmiyyət daşıdığını və ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı əməkdaşlığa hazır olduqlarını bildirib.
Sonda İİTKM-in proqram idarəetməsi modulları, o cümlədən “azranking.az”, “Azexport”, Rəqəmsal Ticarət Qovşağı (dth.az), “EnterpriseAzerbaijan” portalları barədə təqdimatlar keçirilb.