Albaniyanın “Bilis” klubunun azərbaycanlı hücumçusu Amil Yunanovun futbolinfo.az saytına müsahibəsi
– Söhbətə Azərbaycanda özünüzə komanda tapa bilməməyinizdən başlayaq. Bunun səbəbini nədə görürsünüz? Premyer Liqa klublarından sizinlə heç maraqlanan olmadı?
– Ötən mövsümü keçirdiyim “Kəpəz”lə aramızda razılıq əldə olunmadı. Müəyyən söz vermişdilər, amma sözlərinə əməl etmədilər. Buna görə də orada qalmadım. Başqa maraqlananlar da var idi. Ancaq müəyyən səbəblərə görə o variantlar da alınmadı.
– “Bilis”ə keçidiniz necə baş tutdu? Albaniya klubu sizinlə çoxdan maraqlanırdı, ya təklif ani gəldi?
– Keçidim bir günün içində həll olundu. Mənə bildirdilər ki, “Bilis”in baş məşqçisi və rəhbərliyi səni komandada görmək istəyir. Şərtlərimi dedim, razılaşdıq. Dərhal biletimi aldılar və sabahkı gün artıq Albaniyaya gəldim.
– Karyeranızda ilk dəfə legioner həyatı yaşayacaqsınız. Xarici ölkədə özünüzü göstərə biləcəyinizə inanırsınız?
– Bəli, ilk dəfə legioner həyatı yaşayacağam. Düzdür, çətinliklər olacaq, amma bunlar normal şeylərdir. Çətinliklərə sinə gərmək lazımdır. Çalışacağam ki, bütün maneələri aşım və Albaniyada özümü yaxşı tərəfdən göstərim.
– “Bilis”də sizi necə qarşıladılar? Komanda yoldaşlarınız, klubun bazası ilə bağlı ilkin təəssüratlarınız necədir?
– Təəssüratlarım normaldır, hər şey qaydasındadır. Klubun bazası aşağı-yuxarı Azərbaycandakı bazalarla eyni səviyyədədir. Bu baxımdan ciddi fərq yoxdur. Komanda yoldaşlarım da məni səmimi qarşıladılar. Ümumi vəziyyət yaxşıdır.
– Sizədək Rauf Əliyev və Vüsal İsgəndərli Albaniya çempionatında oynayıb, hazırda isə Zamiq Əliyev bu liqada çıxış edir. “Bilis”dən təklif gələndə adını çəkdiyimiz şəxslərdən kiminləsə məsləhətləşdinizmi?
– Xeyr, onların heç biri ilə məsləhətləşmədim. Amma başqa şəxslərdən liqa ilə bağlı maraqlandım. Soruşduğum adamlar oldu. Bildirdilər ki, hər şey normaldır, narazı qalmayacaqsan.
– Qarşınıza hansı məqsəd qoymusunuz? “Bilis”də özünüzü yaxşı tərəfdən göstərərək daha yaxşı çempionatlara getməyi hədəfləmisiniz?
– Çalışacağam ki, ilk növbədə “Bilis”də sözümü deyim, komandama kömək edim. “Bilis”in lider oyunçularından biri olmaq istəyirəm. Bunu bacarsam, gələcəkdə daha güclü klublara rahatlıqla keçə bilərəm.
– Legioner həyatı yaşamağınız yenidən milli komandanın qapılarını üzünüzə aça bilərmi?
– Gərək “Bilis”də əsas heyət üzvünə çevrilim, özümü tam göstərim. Albaniyada sözümü desəm, yəqin ki, milliyə yenidən dəvət alaram.
CAVAD