EN

“Yoldaşlıq oyunu olsa da…”

Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov hazırda Çexiyada təlim-məşq toplanışında olan komandanın hazırlığını dəyərləndirib.

90deqiqe.Az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Çexiya yığması ilə bu gün keçirəcəkləri yoldaşlıq matçından öncə məşq prosesi haqqında fikirlərini bildirib.

“Komanda sentyabrın 10-dan təlim-məşq toplanışındadır. Bəzi səbəblərdən heyəti tam yığa bilmədik. İlk iki gündə əsasən fiziki hazırlığa üstünlük verdik. Gündə iki dəfə məşq keçirdik. Sonrakı dörd gün ərzində isə taktiki planda çalışmalara yer verdik. Əlbəttə, futzalçıların durumunun ideal olduğunu deyə bilmərəm. Klublarımız 20 gün – 1 ay olar məşqlərə başlayıblar. Çempionat başlamadığına görə uşaqlarda oyun təcrübəsi də yoxdur. Yaxın günlərdə yeni mövsüm başlayacaq. Oyundan 2 gün əvvəl Çexiyaya gəlməyimiz bizim üçün üstünlük oldu. Məsafə uzaqdır, Zlin şəhərinə gəlmək üçün təyyarədən əlavə avtobusla 3 saata yaxın yol qət etmişik. Şəhərdə bir gün artıq qalmağımız uşaqların yorğunluğunun çıxmasına və bərpa olunmasına kömək etdi.Çexiya millisinin üzvlərini məşqdən sonra gördük. Dünya çempionatının seçmə oyunlarından sonra onlar da yoldaşlıq matçı keçirməyiblər. Komandanın 40-50 faizi yeni futzalçılardan ibarətdir. Onlar üçün də bu matç yeni heyəti iş başında yoxlamaq baxımından önəmlidir. Maraqlı oyun olacaq. Yoldaşlıq görüşü olsa da, çalışacağıq nəticəmiz də yaxşı olsun. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır”.

Qeyd edək ki, qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Chosen
29
2
90deqiqe.az

10Sources