UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda “Qarabağ”la üz-üzə gələcək İngiltərənin “Tottenhem” klubu daha iki itki ilə üzləşib.
Msport.az xəbər verir ki, London təmsilçisinin heyətində yarımmüdafiəçi Vilson Odeber və hücumçu Timo Verner zədələniblər.
Hər iki oyunçu ötən gün “Koventri Siti”ni 2:1 hesabı ilə məğlub etdikləri Liqa Kuboku matçında sıradan çıxıb.
Baş məşqçi Angelos Postekoqlu qarşılaşmadan sonra mətbuat konfransında açıqlama verib. O, Odebarın durumunun ciddi olduğunu söyləyib, Vernerin isə vəziyyətinin hələlik bəlli olmadığını söyləyib.
Daha əvvəl argentinalı dünya çempionu Kristian Romeronun cəza səbəbindən Azərbaycan klubu ilə qarşılaşmanı buraxacağı dəqiqləşib.
Qeyd edək ki, sentyabrın 26-da baş tutacaq “Tottenhem” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.