Azərbaycanın tikinti bazarında aktivliyə təsir edən əsas faktorlardan biri dövlət büdcəsinin əsaslı xərcləridir. Əsaslı xərclər yüksək olduqda və ya bu xərclərdə ciddi artım baş verdikdə tikinti bazarında, eləcə də mənzil bazarında qiymətlər artır, əksinə olduqda isə qiymətlərdə azalma müşahidə edilir.
Sfera.az xəbər verir ki, 2023 və 2024-cü illərdə dövlət büdcəsinin əsaslı xərclərində ciddi artım olub. Əsaslı xərclər 2023-cü ildə 7 milyard manatdan çox artaraq 15 milyard manata, 2024-cü ildə isə 15,37 milyard manata çatıb.
Əsaslı xərclərin artması və yüksək səviyyədə qalması tikinti bazarına ciddi təsiri oldu. Tikinti sektorundakı nəzərəçarpacaq böyümə baş verdi ki, bu da qiymət artımlarını sürətləndirdi. Qısa müddətdə həm tikinti materialları bahalaşdı, həm də ilkin mənzil bazarında qiymətlərdə böyük artımlar baş verdi. 2025-ci ildən əsaslı xərclərin həcmində böyük dəyişiklik baş verəcək.
Maliyyə Nazirliyinin hazırladığı büdcə layihəsinə əsasən, əsaslı xərclər 15,4 milyard manatdan 12,31 milyard manata qədər azaldılacaq. Bu layihəyə görə, əsaslı xərclərin büdcədə payı 31 faizə düşəcək.
Müqayisə üçün bildirək ki, 2023 və 2024-cü ilin büdcəsində əsaslı xərclərin payı müvafiq olaraq 41 faiz və 38,8 faiz idi. Əsaslı xərclərin azaldılmasının tikinti sektoruna ciddi təsiri olacaq. Bu dəyişiklik daşınmaz əmlak bazarında, o cümlədən mənzil bazarında qiymətlərə azaldıcı təsir edəcək.
Ehtimal etmək olar ki, bu dəyişikliklə bərabər, növbəti ildən mənzil bazarında qiymətlər sabitləşəcək, hətta bir qədər düşəcək.
Vasif