Moldovada keçmiş baş qərargah rəisi dövlətə xəyanətdə ittiham olunur
Moldova Milli Ordusu Baş Qərargahının keçmiş rəisi İqor Qorqana dövlətə xəyanətə görə ittiham irəli sürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Moldova Baş Prokurorluğunun Cinayətkarlığa və Xüsusi İşlərə Qarşı Mübarizə İdarəsinin mətbuat katibi Emil Qaytur “TV-8” telekanalında danışıb.
“Cinayətkarlığa və Xüsusi İşlərə Qarşı Mübarizə İdarəsinin əvvəllər elan etdiyi iş üzrə İqor Qorqana təqsirləndirilən şəxs statusu verilib. Cinayət işi üzrə istintaq davam edir”, - mətbuat katibi bildirib.
Onun sözlərinə görə, Qorqan qanuna uyğun olaraq məhkəmənin yekun qərarı çıxana qədər təqsirsizlik prezumpsiyasından istifadə edəcək.
Qeyd edək ki, 2024-cü ilin iyununda Moldova Prezidenti Maya Sandu İqor Qorqanın Rusiya kəşfiyyatı ilə iddia edilən əlaqələri haqqında məlumatın “The Insider” portalında dərc edilməsi ilə əlaqədar onun mükafatlarından məhrum edilməsi haqqında fərman verib.
Nəşrin yazdığına görə, Qorqan Moldova ordusundan MİQ-29 qırıcıları, mərmilər və digər silahlar almağa cəhd edən Ukrayna Müdafiə Nazirliyinin nümayəndələrinin səfərləri barədə “Telegram” kanalı vasitəsilə Rusiya kəşfiyyatını məlumatlandırıb.
Qorqan ona qarşı irəli sürülən ittihamları rədd edib və Sandunun dövlət mükafatlarından məhrum edilməsi haqqında fərmanından məhkəməyə şikayət edib.
Öz növbəsində, Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti “The Insider” portalının dərc etdiyi məlumatları təsdiqləyən bəyanat yayıb.
Bundan sonra Moldova prokurorluğu Qorqana qarşı cinayət işi açdığını açıqlayıb.