Ötən gün Livanın Baş naziri Nəcib Mikati hökumətə ölkənin İsraillə müharibəyə hazır olması ilə bağlı xüsusi tapşırıq verib. Bu barədə Böhran Vəziyyətinin və Müharibənin Fəsadlarının Qarşısının Alınması üzrə Komitənin iclasından sonra ölkənin ətraf mühit naziri Nasir Yasin bildirib. O deyib ki, hazırda ölkədə üç aylıq ərzaq ehtiyatı var, üstəlik Livana 40 min tondan çox dənli bitliklər və un gətirməli olan gəmi yaxın günlərdə təyinat nöqtəsinə çatacaq.
Bu açıqlama kontekstində, maraqlıdır, İsrail-Livan müharibəsi olacaqmı?
Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, əslində Netanyahu hakimiyyəti Hizbullaha qarşı böyük bir müharibəyə hazırlaşır:
“Belə bir müharibə baş verdiyi təqdirdə, Livan hökuməti kənarda qala bilməz. Çünki əməliyyatlar bilavasitə Livan dövlətinin ərazisində keçiriləcək. Vurulan obyektlər, şəhərlər, yaşayış məskənləri Livana məxsusdur. Ona görə Livan Baş nazirinin də açıqlaması normaldır. Üstəlik, kəşfiyyat məlumatları ilə Netanyahu hökumətinin bu yöndə ciddi hazırlaşdığını da bilir. İsrail isə bunu gizlətmir. Onlar böyük müharibəyə hazırlaşdıqlarını bəyan edirlər və bununla da dolaysıyla şimal hissədən köçürülmüş yəhudiləri yenidən öz yerlərinə qaytarmaq hədəflənir”.
Politoloq bildirdi ki, Hizbullah təhlükəsi sovuşmadan İsrailin içərilərinə doğru köç etmiş yəhudiləri yenidən bu ərazilərə qaytarmaq mümkün olmayacaq:
“İsrailin Baş naziri Benyamin Netanyahu düşünür ki, bunun üçün HƏMAS-la paralel olaraq Hizbullahı da məhv etməyə ehtiyac var. Eyni zamanda bu, Netanyahu hökumətinin siyasi maraqlarına da xidmət edir. Çünki sülh şəraiti İsrail Baş nazirinə sərf etmir. Müharibənin olması, döyüş gərginliyi Netanyahunun hakimiyyətdə varlığını şərtləndirir. Bunu o da yaxşı başa düşür. Sülh olduğu təqdirdə, Netanyahudan konkret tələblər olacaq. Birincisi, vəd verdiyi əsrlərin geri qaytarılması məsələsidir, o, hələ də bunu yerinə yetirə bilməyib. İkincisi, HƏMAS-ın bitirilməsi – bu məsələyə də son nöqtə qoyulmayıb və yaxın perspektivdə gözlənilmir. Üçüncüsü, sülh şəraiti olduğu təqdirdə, növbədənkənar seçkilərə gedilmə tələb olunur. Belə olan halda Netanyahu siyasi aqibətinin nə olacağını və xalqın ona səs verməyəcəyini də bilir. Ona görə də? müharibənin varlığı onun siyasi hakimiyyətdə qalmasını şərtləndirir, o cümlədən beynəlxalq səviyyədə təhlükəsizliyini təmin edir. Çünki Netanyahu haqqında cinayət məsuliyyəti var, həbs edilməsi ilə bağlı order hazırlanır. Bu baxımdan İsrail –Livan müharibəsi realdır, Livanın Baş Nazirinin hazırlıqla bağlı göstərişi də əsəb yerə deyil”.