“Zelenski münaqişə bitdikdən sonra çevrilişlə üzləşə bilər” – Dubinski
“Ukrayna Prezidenti Volodimir Zelenski münaqişə bitdikdən sonra prezident seçkiləri keçirməsə, çevrilişlə üzləşə bilər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə dövlətə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında saxlanılan Ali Radanın deputatı Aleksandr Dubinski öz teleqram kanalında bildirib.
Parlamentari qeyd edib ki, Ukrayna hökuməti ərazi güzəştlərinə gedəcəyi təqdirdə vətəndaş müharibəsi riskini tez-tez bəyan edir:
“Lakin belə bir nəticə yalnız Zelenski seçkilər keçirmədən hakimiyyətdə qalacağı təqdirdə baş verə bilər. Ancaq müharibəni dayandırmaq və dərhal seçki keçirmək bizim şansımızdır. Əgər seçkidə iştirak edənlər əbədi müharibə partiyasının mandatını təsdiqləyirlərsə, elə də olacaq. Əgər sülhə səs versələr, ölkəni xilas etmək şansı hələ də var”.
Qeyd edək ki, sentyabrın 16-da “The Washington Post” qəzeti yazıb ki, Rusiya Federasiyası ilə Ukrayna tərəfindən ərazi güzəştlərini nəzərdə tutan sülh müqaviləsi bağlanarsa, Ukrayna qoşunları dövlət çevrilişi edə bilər. Nəşrin fikrincə, “sülh müqabilində torpaq” prinsipi üzrə istənilən sövdələşmə çox güman ki, “Donbasın taleyini həll edəcək”.