Azərbaycanda dilçilik elmi sahəsində mühüm xidmətləri olan görkəmli alimlərimizdən biri də professor Nadir Məmmədlidir.
Sentyabrın 19-da dilimizin yorulmaz tədqiqatçısı, professor Nadir Məmmədlinin 65 yaşı tamam olur.
O, 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini, 1988-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki xarici dillər iki illik Fars dili şöbəsini əla qiymətlərlə bitirib.
1989-cu ildə "Müasir Azərbaycan dilində feli sinonimlər" mövzusunda namizədlik, 2000-ci ildə isə "Müasir Azərbaycan dilində alınma terminlər (1920–1991-ci illər)" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1995-ci ildə dosent, 2007-ci ildə professor elmi adını alıb.
Professor Nadir Məmmədli yaşadığı 65 illik ömründə fədakar alim və dəyərli naşir kimi daim nümunəvi olub. Onun yaradıcısı olduğu “Elm və təhsil” nəşriyyatının Azərbaycan ziyalılarının əsərlərinin ictimaiyyətə təqdim olunmasında müstəsna rolu var.
O, alim-naşir fəaliyyətinə görə 1995-ci ildə Təhsil Nazirliyinin hümanitar sahə üzrə təsis etdiyi "Gənc alimlər müsabiqəsi"nin laureatı olub, Mahmud Kaşqari Fondunun mükafatına, Rəsul Rza adına, Bəxtiyar Vahabzadə adına mükafatlara, 2000-ci ildə "Alınma terminlər" monoqrafiyasına görə Təhsil Nazirliyinin "Ən yaxşı elmi iş" müsabiqəsinin qalibi adına layiq görülüb.
Hazırda Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik edən alim böyük dilçilik ordusunun, kollektivin böyük rəğbətini qazanıb. Nadir Məmmədli Azərbaycan dilçiliyinin və Azərbaycan dilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, Azərbaycan dilinin müasir dilçilik metodlarının tətbiq edilməsi ilə tədqiqi, Azərbaycan dilinin tarixi morfologiyası, müasir dilçilik cərəyan və məktəblərinin dərindən və hərtərəfli öyrənilməsi, nəzəri dilçilik istiqamətində tədqiqatların genişləndirilməsi istiqamətində aparılan işlərə başçılıq edir.
Onun elmi və publisistik fəaliyyətinə nəzər saldıqda alimin müasir dilçiliyin problemləri ilə də yaxından məşğul olduğunun şahidi olarıq.
Nadir Məmmədli 17 kitab, 6 monoqrafiya, 150-dən artıq elmi məqalə, 300-dən artıq publisistik və elmi-publisistik məqalə, 1 metodik göstəriş,1 danışıq kitabçası, 4 dərslik və 4 lüğətin müəllifidir.
Professor Nadir Məmmədlinin dilçilik elmi qarşısındakı böyük xidməti kommunikasiya mədəniyyətinə həsr olunmuş irihəcmli dərsliklərdir ki, buraya “Azərbaycan dili və nitq mədəniyyəti”, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” daxildir.
Alimin elmi kadrlar yetişdirmək sahəsində fəaliyyəti də təqdirəlayiqdir. Azərbaycan dilçilik elminin potensialının güclənməsində bu elmi kadrlar böyük rol oynayır.
Professor Nadir Məmmədlinin Azərbaycan dilçilik elminin inkişafı üçün çəkdiyi zəhmət, onun yaratdığı sanballı əsərlər, yetişdirdiyi kadrlar xalqa təmənnasız xidmətin, yüksək mənada vətəndaşlığın, fədakar alim fəaliyyətinin parlaq nümunəsidir.
Görkəmli alim dünyanın bir çox ölkələrində keçirilmiş dil qurultaylarında, konfrans, simpozium və konqreslərdə məruzələrlə iştirak edib, doğma vətənimizi layiqincə təmsil edib.
Alimin yaradıcılığının ən pik nöqtəsi isə Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin çapı ilə bağlıdır. Belə ki, Türk dillərinin tarixi inkişafını, tarixi leksikologiyasını öyrənməkdə, müqayisəli qrammatikasını tərtib etməkdə əvəzsiz mənbə olan bu əsər 86 ildən sonra – 2023-cü ildə Dilçilik İnstitutunun arxivindən tapılıb və üç cilddə nəşr edilib.
Professor Nadir Məmmədli Türkiyə Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun qərarı ilə Türk Dil Qurumunun fəxri üzvü seçilib. O, türdilli dövlətlər arasında yaratdığı körpüyə görə Qırğızıstan Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun fəxri akademiki adına layiq görülüb.
Professor Nadir Məmmədlinin gerçək yaşı kitablarında, əsərlərində yaşamaqdadır. Onun ömrü kitablarıdır, yaşı yaratdıqlarıdır.
Yeni yaşlarla, yeni əsərlərə doğru yolunuz əbədi olsun, Nadir müəllim!
Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri