Avropa Parlamentinin üzvləri Aİ-yə üzv dövlətləri Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Ukraynaya verilən silahlardan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağıran qətnamə qəbul ediblər.
Sənədin qəbulunun lehinə 425 deputat, əleyhinə 131 deputat səs verib, 63 deputat bitərəf qalıb.
Qətnamədə deyilir ki, mövcud məhdudiyyətlər aradan qaldırılmadan, “Ukrayna özünümüdafiə hüququnu tam reallaşdıra bilməyəcək”. Hazırda Aİ ölkələri tərəfindən razılaşdırılmış tədarük şərtləri Ukraynanın beynəlxalq səviyyədə tanınmış Rusiya ərazisinə dəqiq silah zərbələri endirməsinin qadağan olunduğunu göstərir. Avropa Parlamentinin üzvləri Ukraynaya hərbi yardımın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Xüsusilə, onlar göstəriblər ki, Aİ dövlətləri Ukrayna Silahlı Qüvvələrinə 1 milyon ədəd döyüş sursatı tədarük etmək öhdəliyini yerinə yetirməli və hava hücumundan müdafiə sistemlərinin Ukrayna ordusuna təhvil verilməsini sürətləndirməlidir. Qətnamədə həmçinin Rusiya və Belarusa, habelə İran, Şimali Koreya və Çinə “müharibəyə dəstək verməkdə iştirak etdiklərinə görə” sanksiya rejiminin gücləndirilməsi tələb olunur. Bundan əlavə, Avropa Parlamentinin üzvləri bildiriblər ki, sanksiyalardan yayınma probleminin həlli üçün daha sərt tədbirlər görülməlidir.
//Samir Qurbanov, Editor.az