EN

Avropa təsisatları nədən narahatdır?

Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri ATƏT-in və Avropa Şurasının rəhbərlərinə açıq məktub ünvanlayıblar

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Bu qayıdış üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı beynəlxalq platformalarda da  müzakirə predmetinə çevrilib.

269 məsciddən yalnız biri...

Yeri gəlmişkən, sentyabrın 19-da Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT-in  fəaliyyətdə olan sədri İan Borqa və Avropa Şurasının Baş katibi Alən Berseyə açıq məktub ünvanlayıblar. Məktubda bildirilir ki, 36 ildir Ermənistandakı tarixi yurd yerlərindən, şəxsi evlərindən zorla çıxarılmış, qaçqın vəziyyətinə düşmüş yüz minlərlə azərbaycanlı hələ də İrəvana, Göyçəyə və digər tarixi məkanlara - Qərbi Azərbaycana qayıda bilmir. Tarixən azərbaycanlıların yaşadıqları Ermənistanda azərbaycanlılara məxsus maddi və mədəni irsin silinməsinə yönəlmiş sistemli kampaniya aparılıb. Bu qəsdən məhvetmə onilliklərdir davam edir. Ürək ağrısı ilə qeyd edirik ki, 1870-ci ildə Ermənistan ərazisində qeydiyyata alınan 269 məsciddən bu gün yalnız biri qalıb. Bundan başqa, azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq da sistemli şəkildə məhv edilib.

İrəvandakı Təpəbaşı məhəlləsinin tamamilə dağıdılması planlaşdırılır

Məktubda diqqətə çatdırılır ki, Ermənistan Respublikasının paytaxtı İrəvan şəhəri vaxtilə Şəhər, Dəmirbulaq və Təpəbaşı kimi rayonlara bölünmüşdü: “Azərbaycanlılar bu ərazilərdə şəhərin ilkin formalaşmasından etibarən 20-ci əsrin sonlarına qədər yaşayıblar. Azərbaycanlılar tərəfindən tikilən və məskunlaşılan Təpəbaşı məhəlləsinin adı sonradan dəyişdirilərək “Kond” adlandırılıb. Bu məhəllə Ermənistanda azərbaycanlılara məxsus mədəni irsin sağ qalan azsaylı nümunələrindən biridir. Lakin çox təəssüf ki, Ermənistan hökumətinin Azərbaycan xalqının mədəni irsinin silinməsi istiqamətində apardığı sistemli işin tərkib hissəsi olaraq qeyd edilən Təpəbaşı məhəlləsinin tamamilə dağıdılması planlaşdırılır. Bu ilin mayında biz - Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri UNESCO-nun Baş direktoru xanım Odri Azuleyə açıq məktub ünvanlayaraq xahiş etdik ki, Təpəbaşı məhəlləsinin dağıdılmasının qarşısını almaq üçün təsirli tədbirlər görülsün, əraziyə faktaraşdırıcı missiya göndərilsin. Biz dağıntıların dayandırılması və bərpası üçün beynəlxalq hüququn normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoqa, qarşılıqlı fəaliyyətə hazır olduğumuzu bəyan etdik, UNESCO-nu dünya mədəni irsinin unikal nümunəsi kimi Təpəbaşı məhəlləsini öz mühafizəsinə götürməyə çağırdıq, monitorinq işlərində UNESCO ilə sıx işləməyə hazır olduğumuzu bildirdik. Ancaq bu müraciətimizə nə UNESCO-dan cavab gəldi, nə də insan hüquqlarının qorunmasını rəhbər tutduğunu elan etmiş Avropa Şurasından, ATƏT-dən bu məsələ barədə hər hansı narahatlıq bəyanatını gördük”.

Beynəlxalq təşkilatlar abidələrimizin məhv edilməsinə səssiz qalır

Bundan əlavə, Azərbaycan xalqının Ermənistan ərazisindəki maddi irsinin dəyərli nümunələrindən olan İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi və bir çox başqa abidələr tamamilə dağıdılıb. İrəvan xanı Hüseyn Əli Xan tərəfindən 18-ci əsrdə tikilmiş Göy məscidin isə tarixi təhrif edilərək guya başqa xalqa məxsus məscid kimi təqdim olunur. Ermənistan tərəfindən azərbaycanlılara məxsus mədəniyyət abidələrinin dağıdılması bir çox beynəlxalq konvensiyaları, o cümlədən İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktı, Ümumdünya İrs Konvensiyasını, Qeyri-maddi mədəni irsin qorunması və İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyanı kobud şəkildə pozur.

ATƏT-in və Avropa Şurasının rəhbərlərinin diqqətinə bu da çatdırılıb ki, Ermənistanın etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə ciddi ziyan vurub. Məsələn, UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs siyahısına salınmış Azərbaycan aşıq sənətinin əsas məktəblərindən olan Göyçə aşıq məktəbi hazırda doğma köklərindən uzaq düşüb. Ermənistan tanınmış azərbaycanlı sənətkar Aşıq Ələsgərin doğulduğu Göyçə mahalındakı abidəsini və məzarını dağıdıb. Bu, Azərbaycan xalqına qarşı nümayişkaranə təhqirdir.

Cəmiyyətimiz ATƏT-ə və Avropa Şurasına inamını niyə itirib?

“Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinin davamlı şəkildə məhv edilməsi bizim mədəni irsdən istifadə və mədəniyyətimizi qoruma hüququmuzu pozur. Bu davranışlar regionda sülh, dialoq və barışıq səylərinə ciddi maneə törədir. Qeyd edilən məsələlərlə bağlı həm Avropa Şurasının, həm də ATƏT-in açıq mövqe ortaya qoymasını tələb edirik. Çünki indiki davranışın Azərbaycan torpaqlarının işğal altında saxlandığı illərdə Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə, azərbaycanlı köçkünlərin pozulmuş fundamental insan hüquq və azadlıqlarına göstərilən münasibətdən heç bir fərqi yoxdur. Azərbaycan cəmiyyəti haqlı olaraq ATƏT-ə, Avropa Şurasına və UNESCO-ya inamını itirib. Biz görürük ki, bu günlərdə 1 illiyini qeyd etdiyimiz antiterror əməliyyatından qısa müddət sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinə qarşı qərəzli addım atdı. Bu rəftar və münasibət qəbuledilməzdir, onu təşkil edənlər öz məqsədlərinə nail ola bilməyəcəklər”,-deyə bildirən məktub müəllifləri qeyd ediblər ki, ATƏT, Avropa Şurası məsələlərə ikili standartlar prizmasından yanaşmamalı, obyektiv və qərəzsiz olmalıdır. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri olaraq məktub müəllifləri  bütün aidiyyəti təşkilatlarla bu istiqamətdə əməkdaşlığa, əlavə məlumat verməyə, azərbaycanlıların Ermənistandakı maddi və mədəni irsinin qorunması üçün səylərə vasitəçilik etməyə hazır olduqlarını bəyan ediblər. “Bu xüsusda sizi Ermənistanı beynəlxalq öhdəliklərinə uyğun olaraq Azərbaycan xalqına məxsus mədəni irsin bərpasına və qorunmasına təşviq etməyə çağırırıq. Ermənistan BMT Nizamnaməsində və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əksini tapmış prinsiplərə uyğun olaraq, azərbaycanlıların mədəni-tarixi irsinin müdafiəsini, onların öz ata-baba yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməlidir”,-deyə məktubda vurğulanıb.

Qeyd edək ki, ATƏT-in və Avropa Şurasının rəhbərlərinə açıq məktubu Qərbi Azərbaycan İcması, İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyi, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Milli Qeyri-Hökumət Təşkilatları Forumu, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyi, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi, D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti də daxil olmaqla 24 qeyri-hökumət təşkilatı ünvanlayıb.

Məlumdur ki, qərbi azərbaycanlıların qayıdışı məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanı çox ciddi şəkildə narahat edir. Əgər belə olmasaydı, bu ölkənin rəsmilərində, həm də erməni cəmiyyətinin müxtəlif nümayəndələrində bu  mövzu təşviş yaratmazdı. Amma onların nə deməsindən asılı olmayaraq qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı mütləq gerçəkləşməlidir. Təsadüfi deyil ki, indiyədək Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. Bu müraciətlərin bir neçəsi BMT-nin rəsmi sənədi kimi yayılıb. Bütün bunlar qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiq edir. Yeri gəlmişkən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası da  qəbul edilib. Konsepsiyada qayıdışla bağlı əsas məqsəd və prinsiplər müəyyən olunub.

Nardar BAYRAMLI

Chosen
25
49
yeniazerbaycan.com

10Sources