EN

Qızıl külçələri qaçaqmalçılıqla Azərbaycana keçirən vəzifəli şəxslərin məhkəməsi başlayıb

Qaçaqmalçılıq yolu ilə qızıl külçələri ölkəyə gətirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Dursunəliyev Pərvin Dursunəli oğlu, Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mehdiyev Mənsur İlham oğlu və tanışları İbrahimov Əli Qüdrət oğlunun cinayət işi üzrə məhkəmə başlayıb.

FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Dövlət ittihamçısı Elçin Qafarov çıxış edərək işin məhkəmə baxışına verilməsini təklif edib.

    Təqsirləndirilən Əli İbrahimovun vəkili məhkəməyə vəsatət təqdim edərək müdafiə etdiyi şəxsin əlilliyi olduğunu, beynində ciddi problem yarandığını, xərçəngə çevrilmə ehtimalı olduğunu deyib. Vəkil, buna görə onun haqqındakı həbs-qətimkan tədbirinin polis nəzarəti altına verilmə tədbiri ilə əvəz edilməsini xahiş edib.

    Digər təqsirləndirilən Pərvin Dursunəliyevin vəkili də məhkəməyə vəsatət təqdim edərək onun barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

    Mənsur Mehdiyevin vəkili isə müdafiə etdiyi şəxsin yenidoğulmuş uşağının olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirib. O, əlavə edib ki, müdafiə etdiyi şəxs əməlini könüllü etiraf edib. Vəkil onun haqqındakı həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib.

    Vəsatətlər təmin olunmayıb.

    Məhkəmə baxışı oktyabrın 3-nə təyin edilib.

    Qeyd edək ki, ibtidai istintaqla Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Dursunəliyev Pərvin Dursunəli oğlu ilə həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mehdiyev Mənsur İlham oğlunun tanışları İbrahimov Əli Qüdrət oğlu ilə qabaqcadan əlbir olaraq 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən Əli İbrahimov tərəfindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilmişdir.

    Toplanmış sübutlar əsasında Pərvin Dursunəliyev və Mənsur Mehdiyevə Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), Əli İbrahimova isə həmin Məcəllənin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. (Apa)

    Chosen
    76
    11
    fed.az

    10Sources