EN

“BakuBus”da BİABIRÇILIQ - Sürücü yüksək səslə meyxanaya qulaq asdı - SƏS YAZISI

Gündəlik həyatımızda müxtəlif nəqliyyat vasitələrindən davamlı olaraq istifadə edirik. Amma davranış qaydalarının ən çox pozulduğu yerlərdən biri də ictimai nəqliyyat sahəsidir. Avtobuslarda hər bir sərnişinin əməl etməli olduğu kimi, sürücülərin də müəyyən davranış qaydaları var. Hansı ki, bütövlükdə ictimai nəqliyyatda davranış qaydaları bütün insanlar üçün eyniyyət təşkil edir.

Bu günlərdə “BakuBus”a məxsus 120 E nömrəli ekspres marşrutunun sürücüsü davranış qaydalarını pozub. İçərisi sərnişinlə dolu avtobusda sürücü yüksək səslə meyxanaya qulaq asıb. Bu azmış kimi musiqiyə bir qədər də səs verərək aşağı enib və avtobusdan kənarda yola düşmə vaxtını gözləyib. Palatka toyunu xatırladan avtobusdakı vəziyyət sərnişinləri özündən çıxarıb. Meyxananı dayandırması üçün çöldən sürücünü çağırsalar da, eşitməyib. Bir qədər sonra sürücü avtobusa, öz yerinə qalxıb. Elə o anda da çoxsaylı etirazlar başlayıb  və sürücü musiqini dayandırıb. 

Xatırladaq ki, "BakuBus" 120 E nömrəli müntəzəm marşrut xəttini yeni- konkret desək sentyabrın 18-dən etibarən istifadəyə verib.

Bu avtobuslar "28 May" metrostansiyası ilə Hövsan Yaşayış Kompleksi arasında hərəkət edir. 

Qeyd edək ki, ictimai nəqliyyat vasitələrində yüksək səslə musiqi və radio dinləmək İnzibati Xətalar Məcəlləsinin 322.0.6-cı maddəsində yer alır. Burada qeyd olunur ki, müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesi ilə bilavasitə əlaqəsi olmadıqda audiocihazlardan istifadə edilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə tətbiq edilir. 

Onu da bildirək ki, avtobusda sürücü tərəfindən səsləndirlən meyxananı sərnişinlərdən biri telefonun səs yazısına köçürüb.

Məsələ ilə bağlı “BakuBus”a sorğu ünvanladıq. Qurumun mövqeyini dərc etməyə hazırıq.

Həmin səs yazısını təqdim edirik:  


Alçina Amilqızı, Bizim.Media 

Chosen
121
3
bizim.media

10Sources