“Real”ın braziliyalı cinah hücumçusu Vinisius Junior da İspaniya La Liqanın 9-cu turunun “Vlyarreal”la ev oyununda (2:0) zədələnib.
Arena.az məlumat verir ki, İspaniya klubunun rəsmi saytı bu haqda rəsmi bəyanat verib:
“Tibbi müayinələrdən sonra oyunçumuz Vinisius Juniora boyun onurğasının zədələnməsi diaqnozu qoyulub. Biz hadisələrin inkişafını gözləyirik”, – “qaymaqlılar”ın bəyanatında deyilir.
Xatırladaq ki, “Vilyarreal”la oyunun 73-cü dəqiqəsində “Vini” “Real”ın ikinci qolunu vurub, 79-cu dəqiqədə isə zədəsi səbəbindən əvəzlənib.
“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti Vinisius Juniorun zədələnməsinə təəssüflə qarşılıq verib:
“Onun onurğa sütununda fəsadlar vardı. Bu, ağrılar yaşadırdı, yaxın saatlarda o, tibbi müayinədən keçəcək”, – AS dərgisi Ançelottidən sitat gətirir.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 12 oyuna çıxıb, 4 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 276 oyun, 87 qol, 82 məhsuldar ötürmə.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 35 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vini” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.