Taksi ilə bağlı həyata keçirilən tənzimləmələr artıq sərnişinlərin xüsusən də qısamüddətli səfərlərdə tədricən ictimai nəqliyyata keçməsi ilə nəticələnib. Bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
O qeyd edib ki, bu il ötən illə müqayisədə xeyli irəliləyiş qeydə alınıb.
“Avtomobilə yaş məhdudiyyəti və minimum qiymət artımı tətbiq olunub. Taksi qanunvericiliyi qəbul olunub. Buna əsasən, mövcud taksilərə 15 il yaş qadağası, yeni taksilərin yaşı 8 il olmalıdır. Tələb olunan qurğular video kamera, POS terminal, avtomobilə rəng tələbləridir. Qanunvericiliyin mərhələli şəkildə tətbiqinə 2024-cü ilin aprelində başlanılıb. 2024-cü ilin sentyabrından 16 yaşlı taksilərin fəaliyyəti məhdudlaşdırılıb.
Artıq əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, 5.25 milyon sərnişin azalması qeydə alınıb. Onlardan 50% avtobusa, 20% metroya keçid edib. Orta qiymət 2.2 manat artıb. Parkın orta yaşı ötən il 14.6 il idisə hazırda 9 ildir. Orta səfər məsafəsi 34% artıb. Bununla yanaşı taksinin orta təqdim olunma vaxtı 1.2 dəqiqə artıb”, – o əlavə edib.
Qurum rəsmisi taksi fəaliyyəti ilə bağlı xeyli irəliləyişlərin olmasından xəbər verib. Bəs dəyişikliklər taksi sürücülərinə də şamil edilirmi? Narkoman, alkoqol içki aludəçisi, ümumiyyətlə səhhəti sürücülük üçün uyğun olmayan sürücülərlə bağlı nə kimi yeniliklər var?
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-la fikirlərini bölüşüb.
O deyib ki, Bakı şəhərinin mərkəzində taksidən istifadə edənlərin sayı azalıb: “Məqsəd şəhər mərkəzində sıxlığı aradan qaldırmaq idisə, bu təqdirəlayiq addımdır. Taksi qiymətlərinə gəldikdə isə iki dəfədən çox qiymət artımı müşahidə edilir. Əsasən yaxın məsafələr üçün qiymətlər yüksəkdir. Uzaq məsafələrə isə taksi qiyməti hər kilometrə görə 60 qəpik civarındadır. Bu da əlçatanlığı təmin edir. Təəssüf ki, biz hələ ki bəzi taksilərdə kameraları və POS-terminalları görmürük”.
O ki qaldı narkoman, spirtli içki qəbul edən, səhhəti sürücülük üçün uyğun olmayan şəxslərin sürücülük etməsinə, ekspert bildirib ki, bunun qarşısını almaq üçün artıq qanunlar çıxarılıb: “İlk olaraq taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər AYNA-nın sürücülük kurslarından keçirlər. Sonra tibbi müayinədən keçirlər. Daha sonra DİM-in təşkil etdiyi imtahanlardan keçirlər. Bu zaman mümkün deyil ki, belə şəxslər aşkarlanmasın. Mən özüm də müşahidə edirəm ki, taksiyə əyləncə naminə gələn insanlar azalıb. Taksi fəaliyyəti artıq peşəkar sahə kimi yenidən dirçəlir. Amma bu o demək deyil ki, biz taksiyə olan nəzarəti boş buraxmalıyıq. Taksi ictimai nəqliyyatın bir qolu kimi keyfiyyətli və təhlükəsiz olmalıdır. Cəmiyyət daim öz nəzarətini bu fəaliyyətin üzərində saxlamalıdır”.