EN

Azərbaycan neft gəlirlərinin azalmasının çarəsini əla tapdı...

Image

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac olunub. Bu aylar ərzində Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz tədarük edilib.

Avropada Azərbaycan qazını daha çox İtaliya alır. Son bir ildə bu Avropa ölkəsi 9,3 milyard kubmetr Azərbaycan qazı alıb. Təkcə 2023-cü ildə İtaliya 4,97 milyard avro dəyərində 9,3 milyard kubmetr Azərbaycan qazı idxal edib. 2027-ci ilə qədər Azərbaycanın Avropaya hər il 20 milyard kubmetr qaz tədarük edəcəyi planlaşdırılır. Qeyd edilənlər fonunda “Vesti Kavkaza” nəşri yazır: “Azərbaycanda qaz hasilatı fəal şəkildə artır və tezliklə qaz ölkədə neft hasilatını üstələyə bilər. Qaz gəlirləri də neft gəlirlərindən yüksək ola bilər. 2024-cü ilin əvvəlindən Azərbaycanda 37,1 milyard kubmetr qaz hasil edilib. Bu ilin ötən dövründə 18,4 milyard kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin göstəricisindən çoxdur. Ötın ilin analoji dövründə Azərbaycan 17,8 milyard kubmetrdən çox qaz satıb. Beləliklə, Azərbaycanda qaz hasilatı artır: 2023-cü ildə artım 3,8% olub, hasilat 48,5 milyard kubmetrə çatıb, bu il 49 milyard kubmetrdən çox olacaq. Bununla yanaşı, ötən ilin yanvar-sentyabr aylarında neft və kondensat hasilatı 22,7 milyon ton təşkil edib, 2024-cü ilin eyni dövründə neft ixracı isə 2023-cü ildəki 19 milyon tondan az olub.  Cari ilin ilk üç rünübdə 17,9 milyon ton neft ixrac edilib. Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda neft hasilatı ötən ilki səviyyədə - təxminən 30 milyon ton olacaq. “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban “Vestnik Kavkaza”nın müxbiri ilə söhbətində diqqəti qaz hasilatının Azərbaycan iqtisadiyyatının enerji sektorunda balanslaşdırıcı roluna yönəldib: qaz gəlirləri neft istehsalının davamlı azalması nəticəsində yaranan itkiləri ödəyir. “Neft ekvivalenti məsələsini nəzərdən keçirsək, görərik ki, neft və qazın ümumi hasilatı ildən-ilə faktiki olaraq sabit gəlir verir, yəni qaz gəlirlərinin artımı neft gəlirlərinin azalmasını kompensasiya edir. 1 milyard kubmetr qaz hasilatı 900 min tondan bir qədər çox neftin dəyərinə bərabərdir, eyni dinamikanı təkcə ötən ilin deyil, həm də 5 il əvvəlki göstəricilərlə müqayisə etmək olar”, İlham Şaban deyir. “Son 5 ildə Azərbaycanda neft hasilatının həcmi təxminən 6 milyon ton azalıb, lakin həmin dövrdə “Şahdəniz-2” qaz yatağının aktiv işlənməsinə başlanılıb və respublikada qaz hasilatının həcmi xeyli artıb.  Qaz hasilatının artımı neft hasilatındakı azalmanı bir qədər də üstələyir, ona görə də ümumilikdə neft və qaz üzrə göstəricilərdə azalma yox, artım görürük”, iqtisadçı əlavə edib.

Ekspert qeyd edib ki, Azərbaycanın neft hasilat imkanları hələ tükənməyib. “Müstəqillik illərində, yəni 1998-ci ildə kəşf edilən yeganə neft yatağı “Qarabağ”dır ki, onun işlənilməsi Azərbaycana neft hasilatının azaltmasının qarşısını almağa, hətta bir neçə ildə artıma nail olmağa imkan verdi”.

“Norveçin “Equinor” şirkəti keçən il Qarabağın işlənməsi layihəsindən ayrılıb, bununla bağlı SOCAR BP ilə memorandum imzalayıb. Növbəti 6 ayda şirkətlər kommersiya şərtləri barədə razılığa gəlməli, sonra isə “Qarabağ”ın işlənməsi ilə bağlı müqavilə imzalamalıdırlar. Beləliklə, işlər 2025-ci ildən tez başlamayacaq, ona görə də Azərbaycan yataqdan ilk nefti təxminən 2030-cu ildə alacaq - o zaman neft hasilatının artacağını gözləmək lazımdır”, - İlham Şaban bildirib. Qaz hasilatına gəlincə, yaxın gələcəkdə Azərbaycan onun istehsalını daim artıracaq. “2023-cü ildə Azərbaycan ilk dəfə olaraq əmtəəlik qaz hasilatı həcmini 36 milyard kubmetr ötüb. 2030-2032-ci illərdə “Abşeron” və “Babək” yatağı istismara veriləcək”, - iqtisadçı bildirib. “Beləliklə, Azərbaycanın 2030-cu illərə qədər mövcud layihələrdən qaz hasilatının azalması nəzərə alınmaqla, əmtəəlik qaz hasilatının həcmini ən azı 45 milyard kubmetrə çatdırmaq imkanı var qaz”, - deyə İlham Şaban yekunlaşdırıb”. Qeyd edək ki, ölkəmizdə ümumi daxili məhsul (ÜDM) neft-qaz sektorunda cari ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz artaraq, 31 milyard 436,5 milyon manat olub. Dövlət Statistika Komitəsindən  bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz artıb. Ölkədə hasil edilən qazın əsas alıcısı qismindəisə Avropa dövlətləri çıxış edir. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına axan təbii qaz ölkəmizin enerji sahəsində strateji tərəfdaşı kimi mövqeyinin Qərbdə getdikcə möhkəmlənməsinə səbəb olur. Xatırladaq ki, 2022-ci ilin yayında Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin ölkəmizə rəsmi səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu ilə bu sahədə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Artıq Azərbaycan strateji tərəfdaşı olduğu Avropa İttifaqı ilə bir çox sahələrdə fəal dialoq aparır. Neft, qaz və bərpaolunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər sahələr isə tərəflər üçün getdikcə daha çox aktuallıq kəsb edir. Azərbaycanın Avropada ən böyük ticarət və enerji tərəfdaşı olan İtaliya “Şahdəniz” qazının əsas alıcısıdır. 

Ramil QULİYEV





Chosen
73
7
baki-xeber.com

10Sources