EN

Bəzi millət vəkililəri bilmədiyi şeydən “dərs” verir

Mən cərimələrin artırılmasının əleyhinə səs verdim. Ona görə ki, mən özüm hüquqşünas olduğumdan cəza siyasətinin fəlsəfəsini başa düşürəm. Görürəm ki, bir tarixçi, yaxud başqa sahə üzrə baza təhsili olan biri durub cəza siyasətindən mühazirə oxuyur, dərs verir. Millət vəkilləri gərək son dərəcədə məsuliyyətli ola və dərindən bilmədiyi məsələ ilə bağlı danışmağı özünə rəva bilməyə.

QAZÍLER.AZ  Axar.az-a istinaden xəbər verir ki. bu sözləri ƏHD sədri, millət vəkili Qüdrət Həsənquliyev müsahibəsində deyib.

“Mən özüm hüquqşünasam və ixtisasım məhkəmə, prokurorluq, istintaq ixtisası olub, az da olsa, prokurorluq orqanlarında çalışmışam, 5 il Asiya Universitetində cinayət hüququndan mühazirə oxumuşam. Uzun illər ərzində də Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü kimi parlamentdə fəaliyyət göstərmişəm. Cinayətkarlığın öyrənilməsi haqqında kriminologiya elmi var. Daxili İşlər Nazirliyinin Polis Akademiyası da, səhv etmirəmsə, 2017-ci ildə kriminologiya dərsliyi buraxıb. Yüksək peşəkarlıqla hazırlanmış dərslikdir”, - o bildirib.

Millət vəkili qeyd edib ki, qanun və cəza insanların həyat tərzinə, onların maliyyə imkanlarına, cəmiyyətdə formalaşmış etik və hüquqi baxışlara uyğun olmalıdır:

“Bu istiqamətdə bir elmi məqalə belə oxumamış adamlar bəzən deyirlər ki, cinayətkarlığa, hüquq pozuntularına qarşı mübarizəni gücləndirmək üçün cəzanı sərtləşdirmək, cərimələri artırmaq lazımdır. Cəzalar o zaman sərtləşdirilir ki, bunu artıq kriminologiya elmi sübut edib – həmin cinayətlərin sayında birdən-birə çox ciddi artım olur. Məsələn, əvvəl törədilən eyni cinayətin sayı min idisə, sonra artıb 4-5 min olur. Bu zaman dövlət həmin cinayət əməllərinə görə cəzaları sərtləşdirir. Yaxud da cinayətlərin ümumi sayında artım olmur, amma təkrar cinayətlərin sayı çoxalır. Məsələn, min nəfər cinayət törətmiş şəxsin 500-ü təkrar həmin cinayəti törədir. Deməli, artıq təyin olunmuş cəza, yaxud inzibati hüquqpozmadırsa, inzibati tənbeh tədbiri kimi tətbiq olunan cərimə, inzibati həbs yetərli olmayıb. O halda qısa bir müddətdə cəzaları sərtləşdirməklə cinayəti səngitmək lazımdır. Amma bunun ardınca cinayəti doğuran səbəb və şərait öyrənilməli, aradan qaldırılmalıdır. Çünki insanlar ağır şərtlərə belə çox tez öyrəşirlər. Orta əsrlərdə İngiltərədə oğurluq cinayətləri artdığından kral oğruların əllərinin meydanda kəsilməsini əmr edir. Bir müddət oğurluq cinayətlərinin sayı azalır, amma az sonra oğrular meydana çox adam toplanmasından istifadə edib elə orada insanların cibinə girirlərmiş.

Cinayətkarlıqla effektli mübarizə cəzaların sərtləşdirilməsində yox, uğurlu sosial siyasətdə və hüquq pozuntusuna görə məsuliyyətin labüdlüyünün təmin edilməsindədir. Hüquq elmi bunu öyrədir. Sərt cəza təkcə ona məruz qalanın yox, həm də onu tətbiq edənin psixologiyasına, mənəvi dünyagörüşünə, davranışına mənfi təsir göstərir, cəmiyyəti qəddarlaşdırır, insan ləyaqətinin və azadlığının dəyərini azaldır. Kriminologiya elmi sübut edir ki, insanların yalnız 20%-i cəza təhdidindən qorxaraq cinayət törətmir. Digərləri qanunları pozmağı öz ləyaqətlərinə sığışdırmırlar, çünki cinayət əməlini anti-əxlaqi hesab edirlər.

Orta əsrlərdə çox sərt cəzalar var idi. Məsələn, insanları ata bağlamaqla dartıb parçalayırdılar, əlini, ayağını, başını kəsirdilər, yaxud qamçı ilə döyürdülər, daş-qalaq edirdilər. Bu tipli ağır cəzalar niyə yığışdırıldı? Ona görə ki, sərt cəzalar cəmiyyəti qəddarlaşdırır. Sonradan da qəddarlaşmış cəmiyyətdə hamı bunun əziyyətini çəkir. Ona görə sivil dünya orta əsr cəzalarından, ölüm cəzasından imtina etdi. Ağır cəzalar yalnız insanlıq, dövlət və şəxsiyyət əleyhinə törədilən xüsusilə ağır cinayətlərə görə tətbiq olunmalıdır.

10 fevral 2017-ci ildə Prezident “Cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin genişləndirilməsi barədə” Sərəncam imzaladı. 20 oktyabr 2017-ci ildə Cinayət Məcəlləsinə əlavə dəyişikliklər edildi, bəzi cinayətlər dekriminallaşdırıldı, bəzi cinayətlərə görə alternativ cəza nəzərdə tutuldu, bəzi cinayət əməllərinə görə cəzalar yüngülləşdirildi. O zaman bunu alqışlayanlar indi eyni müvəffəqiyyətlə cəzaların sərtləşdirilməsinin zəruriliyindən danışırlar. Keçən dövr ərzində sistemli şəkildə cəzalar sərtləşdirilib və inzibati hüqupozmalara görə cərimələr artırılıb. Mən bunun səbəbini onda görürəm ki, biz qanunvericiliklə yanlış olaraq istintaq orqanlarına və inzibati qaydada cərimə tətbiq edən orqanlara imkan yaratdıq ki, onlar topladıqları pulun 25%-ni özlərinin maaşlarının artırılmasına, maddi-texniki bazalarının yaxşılaşdırılmasına sərf etsin. Mən o zaman bunun da yanlış olduğunu söyləmişdim”.

 

 

Chosen
84
2
qaziler.az

10Sources