EN

“AzerGold”un sikkə və külçə kolleksiyalarına tələbat artıb

“AzerGold”un

Bakı, 24 oktyabr, AZƏRTAC

“AzerGold” QSC cari ilin yanvar-sentyabr ayları ərzində qiymətli metalların pərakəndə satış bazarında fəaliyyətini uğurla davam etdirib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, cari ilin ilk 9 ayı ərzində qurumun rəsmi satış və mübadilə mərkəzində 2582 unsiya qızıl sikkə və külçənin pərakəndə satışı həyata keçirilib.

Bununla ötən ilin eyni dövrü ilə müqayisədə qızılın pərakəndə satışında 35 faiz artıma nail olunub. Qeyd olunan dövr ərzində 70 unsiya gümüş məhsullarının da pərakəndə satışı həyata keçirilib.

Cari ilin yanvar-sentyabr aylarında qızıl və gümüş məhsullarının pərakəndə satışı nəticəsində 11,4 milyon manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59 faiz artım deməkdir.

Qeyd edək ki, “AzerGold” QSC yerli qızıl və gümüş xammalından istehsal etdiyi sikkə və külçələri ilk dəfə 2019-cu ildə satışa təqdim edib. Bu günə qədər 11 min 677 unsiya qızıl sikkə və külçə, 595 unsiya gümüş sikkənin pərakəndə satışı nəticəsində 44,2 milyon manat məbləğində gəlir əldə edilib.

Xatırladaq ki, QSC tərəfindən Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən 11 çeşiddə sikkə kolleksiyası istehsal olunub. Cari ildə Heydər Əliyev Fondunun yaradılmasının 20, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş, o cümlədən paytaxt Bakının ən qədim hissəsi - İçərişəhərin təsvirini özündə əks etdirən yeni qızıl sikkə kolleksiyaları ictimaiyyətə təqdim edilib.

 

Chosen
14
13
azertag.az

10Sources