EN

Vinisius Junior - ÇL-də 3-cü həftənin ən yaxşı oyunçusu!

“Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior UEFA Çempionlar Liqasında Liqa mərhələsinin üçüncü həftəsinin ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.

Vinisius 3-cü tur çərçivəsində keçirilmiş oyunda Dortmund “Borussiya”sının qapısına 3 qol vurub və komandasının 5:2 hesablı əzmkar qələbəsini təmin edib.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 14 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 278 oyun, 91 qol, 82 məhsuldar ötürmə.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 35 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vini” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ “Vini”nin dünyanın ən bahalı iki futbolçusundan biri olması deməkdir.

Chosen
13
1
arena.az

10Sources