EN

Doğrudanmı avroeyforiya arxada qaldı?..

Ötən həftə Qərb üçün xüsusi bir önəm və ya diqqət kəsb edən iki postsovet ölkəsində seçkilər oldu - Moldovada prezident seçkisi və Avropa İttifaqı ilə bağlı referendum keçirildi, Gürcüstanda isə nəinki bütün Cənubi Qafqaz regionunun, hətta Rusiya və Qərb geosiyasi dairələrinin çox səbrsizliklə gözlədiyi parlament seçkiləri baş tutdu.

Əvvəlcə Moldova ilə bağlı bir-iki kəlmə. Anti-Qərb dairələr belə hesab edir ki, qərbçilər az qala, uduzmaq ərəfəsində idi.

Belə ki, prezident seçkisi ikinci tura qalıb, Avropa İttifaqı ilə bağlı referendumda isə qərbçilər çox kiçik, hətta cüzi səs çoxluğu ilə önə çıxdılar, üstəlik, etnik azlıqlar, xüsusən də problemli kiçik etnik bölgələr Avropa İttifaqının əleyhinə səs verdilər ki, bu da Moldova üçün gələcəkdə əlavə problemlər deməkdir.

Amma bununla belə, qərbçilər ümumi nəticələrdən çox razıdırlar. Ona görə ki, qərbçi prezident Maya Sandu lider kimi ikinci tura keçdi və onun ikinci turda qalib gələcəyi isə heç kimdə şübhə doğurmur. O ki qaldı avrointeqrasiya məsələsinə, qərbçilər bu prosesin də uğurla bitdiyini qeyd edirlər, çünki Ukrayna-Rusiya müharibəsinin fonunda daha az nəticə ola bilərdi və insanlar talelərini gələcəkdə Avropa ilə bağlamaqdan ehtiyat edərdilər və qorxardılar, necə ki, bu, hazırda qonşu Gürcüstanda baş verir.

Amma belə olmadı, ölkə əsasən Avropaya inteqrasiyaya səs verdi və bu ölkədə Rusiyanın səyləri tamam reallaşmadı...

Gürcüstana gəldikdə isə seçki hələ iki-üç gündür bitib. Odur ki, müəyyən dəqiqləşmələr ola bilər. Biz əvvəlcə exit-pollun nəticələrini gözlədik, daha sonra səslərin təxminən yetmiş faizi elan olundu, bundan sonra isə bildirildi ki, artıq səslərin 97 faizi hesablanıbdır. Qeyd edək ki, bütün bu mərhələlərdə hakim “Gürcü Arzusu” partiyası öndədir.

Düzdür, bəzi QHT-lər, hətta müxalifət partiyaları seçkidə müxalifətin qalib gəldiyini və bunu hətta Qərb institutlarının keçirdiyi sorğuların da sübut etdiyini deyirlər və ən yaxın günlərdə etiraz aksiyalarına başlayacaqlarını bildirirlər. Bir daha deyirik ki, seçki iki-üç gündür başa çatıb və müəyyən dəqiqləşmələr ola bilər. Amma inanmırıq ki, çox ciddi dəyişikliklər olsun, çünki birincisi, bir kənd məntəqəsini çıxmaq şərtilə hələ ki ciddi bir pozuntu məlum deyil və həmin məntəqədə seçki dərhal dayandırılmışdı.

Düşünürük ki, hakim partiyanın ciddi saxtakarlığa getməsi əvvəlcədən demək olar ki, istisna olunurdu, çünki bütün dünyanın gözü bu günlərdə Gürcüstanda idi. Amma yenə də gözləyirik və belə hesab edirik ki, bu cür faktlar olsa, müxalifət onları ictimaiyyətə təqdim edəcək və bunun məüyyən hüquqi, hətta ola bilsin, elektoral nəticələri olacaq. Daha sonra, seçkidən əvvəlki bütün sorğularda hakim partiyanın üstünlüyü birmənalı şəkildə qeyd olunurdu. Üstəlik, ən çox qeydiyyatdan keçən namizədlər də məhz hakim partiyanın sıralarından idi ki, bu da müxalifət üçün böyük minuslardan biri idi, çünki artıq start vəziyyəti çox şey deyir, o partiyanın şansı böyük olur ki, bütün dairələri əhatə edə bilir. Yetərincə namizəd, yetərincə müşahidəçi təqdim edə bilməyən siyasi qüvvənin şansları da böyük olmur. Nəhayət, biz bu sətirləri yazan zaman Azərbaycan Prezidenti gürcü baş nazirini seçkidə qələbə münasibətilə təbrik etmişdi ki, bu da ilkin nəticələri artıq əsas kimi götürməyə imkan verir...

Beləliklə, bütün təhlilçilər belə hesab edir ki, Gürsütanda Rusiya tərəfdarları qalib gəldi, çünki qonşu ölkədəki bu siyasi mübarizə İvanişvili tərəfdarları ilə Saakaşvili və Zurabişvili tərəfdarları arasında gedən mübarizə deyildi, bu, Qərblə Rusiya arasında dinc siyasi mübarizə idi.

Di gəl, bir detalı qeyd edək ki, heç də bütün Rusiya təhlilçiləri belə düşünmür, onların fikrincə, İvanişvili və komandası mövqelərini möhkəmləndirəndən sonra ölkə yenidən avrointeqrasiya kursuna qayıdacaq və Gürcüstan heç vaxt Rusiyanın “kiçik qardaşı” olmayacaq, ondan qala, “kiçik bacısı” ola!..  

Bütün hallarda, ümidləri tamam itirmək olmaz. Birincisi, məsələn, Tiflisdə deyilənə görə, hakim partiya kiçik fərqlə kollektiv müxalifətə uduzub - o, ayrılıqda hər bir müxalifət partiyasından çox səs toplasa da ümumi nəticələrə görə kollektiv müxalifətdən bir az geri qalır. İkincisi, kollektiv müxalifətin də seçkidə qırx faizə qədər səsi oldu və bu da az deyil. Düzdür, onların neçə faizinin əsl qərbçi olması hələ mübahisəlidir, amma hakim partiyanın kollektiv müxalifətdən səs fərqi elə də böyük deyil. “Gürcü Arzusu” parlamentdə konstitusion çoxluğu götürmək istəyirdi ki, digər partiyaların mandatlarını ləğv etsinlər və təkpartiyalı parlament yaratsınlar, amma bacarmadılar, necə deyərlər, alınmadı - əgər müxalifətdən kimisə öz tərəflərinə çəkə bilməsələr onların bu planı alınmayacaq...

Düşünürük ki, ən azı hələ inqilab-filan olmayacaq, çünki bu cür “proqnoz”ları daha çox Moskva dairələri tirajlayırdı, Qərb də, yerli müxalifət də, sadəcə, seçiciləri seçkidə daha fəal olmağa və qərbçi müxalifətə səs verməyə çağırırdı ki, bu da tamam konstitusion davranış tərzidir. Biz bu sətirləri yazan zaman ona yaxın ölkə Gürcüstandakı son seçkilərin nəticələrini tanımadığını bəyan etmişdi. Üstəlik, prezident Salome Zurabişvili insanları etiraz aksiyalarına çağırmışdı. Amma o, bu aksiyaların dinc xarakter daşıyacağını da demişdi...

Maraqlıdır ki, Gürcüstandakı seçkilərdən bir gün əvvəl Kazanda BRİCS-in sammiti başa çatdı və diqqətlər həm də bura yönəlmişdi. Amma Putin ən azı hələ antidollar və anti-Qərb koalisiyası formalaşdıra bilmədi.

Biz BRİCS-lə bağlı bir proqnoz vermək istərdik. Bütün birliklərdə, ittifaqlarda əsl problemlər kimin lider olacağı məsələsi həll olunanda meydana çıxır. Bu təşkilatda hələ problemlər guya konsensus yolu ilə həll olunur, amma Rusiya hər yerdə birinci olmağa və xüsusi imtiyazlar əldə etməyə alışıb. Məsələn, 90-cı illərdə Moskvaya NATO üzvü olmaq təklif olunmuşdu, amma Kreml bununla razılaşmadı, xüsusi status tələb etdi, halbuki indi dünya başqa cür ola bilərdi, ən azı Rusiya-Ukrayna müharibəsi olmazdı, fəqət, Rusiya xüsusi status, xüsusi imtiyazlar tələb etdi. İndi də BRİCS indiki şəkildə qala bilər, amma bu halda, o, uzağı Şanxay Əməkdaşlıq Təşkilatı kimi dişsiz bir format olacaq. Odur, bizə elə gəlir ki, BRİCS ya indiki kimi amorf şəkildə qalacaqdır, ya da onu Rusiyanını ambisiyaları dağıdacaqdır. Elə bu səbəbdən Rusiyanın “qəti qələbə”sinə sevinmək hələ tezdir, hələ hər şey irəlidədir...

 

 

 

 

 

 

 

 

Chosen
48
1
musavat.com

10Sources